Fransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini Rusiyaya qarşı zəiflik nümayiş etdirməməyə və ona güzəştə getməməyə çağırıb. Makron bunu avqustun 23-də “Krım platforması”nın ikinci sammitində onlayn çıxışı zamanı deyib.
Fransa prezidentin bildirib ki, Rusiya üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, öz seçimini etdi:
“Biz heç bir zəiflik, heç bir güzəşt ruhu nümayiş etdirməməliyik, çünki söhbət hamı üçün azadlıqdan, dünyanın hər yerində sülhdən gedir”.
Politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, Elçin Xalidbəyli mövzu barədə fikirilərini Elchi.az-la bölüşüb.
Analitik qeyd edib ki, Rusiyanın Ukrayna savaşında məğlubiyyətə uğramasının qaçılmaz olduğu artıq heç kimdə qətiyyən şübhə doğurmur:
“Ona görə də, hazırda əksər dünya dövlətləri məhz bu varianta uyğun davranmağa üstünlük verməyə başlayıblar. Halbuki bir müddət öncə həmin dövlətlərin bəzilərinin mövqeyi indikindən ciddi şəkildə fərqlənirdi.
Məsələ ondadır ki, Fransa prezidenti Emmanuel Makron son vaxtlara qədər dolayı ilə Rusiyanı dəstəkləyən dövlətlərin yanında yer alırdı. Fransa bir müddət öncə İtaliya və Almaniya ilə birlikdə Rusiyanın qürurunu zədələməyəcək sülh sazişinin ideya müəllifi kimi kimi çıxış edirdi. Məhz Fransa, Almaniya və İtaliyanın təşəbbüsü ilə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalması şərtilə sülh sazişinin imzalanması gündəmə gətirilmişdi. Ancaq Ukrayna savaşının uzadılmasında maraqlı olan anqlosakslar, daha dəqiq desək, ABŞ və Böyük Britaniya bu cəhdlərin qarşısını dərhal aldı. Nəticədə Rusiya tərəfdarı olan Avropa ölkələrinin planları boşa çıxdı”.
E.Xalidbəylinin sözlərinə görə, indi Rusiya Ukrayna savaşında ağır məğlubiyyət ərəfəsindədir:
“Ona görə də, Fransa və Almaniya Rusiya əleyhinə ideyalar ilə vaxtilə buraxdıqları kobud səhvləri unutdurmağa çalışır. Vaxtilə Rusiyaya böyük güzəştlərin əsas təşəbbüskarı olan Fransa prezidenti indi Kremlə qarşı sərt davranmağa, heç bir güzəşt etməməyə çağırır. Son günlərə qədər Ukraynaya vəd etdiyi silahların göndərilməsini müxtəlif bəhanələrlə gecikdirən Almaniya kansleri rəsmi Kiyevə yarım milyard dollar dəyərində hərbi dəstək göndəriləcəyi barədə məlumat verir. Hətta Rusiyanın Avropadakı ən yaxın müttəfiqi Serbiya belə, Rusiyadan enerji resursları idxalını dayandıravağını bəyanlayır.
Bütün bunlar Rusiyanın gələcək taleyinin həll edilmək üzrə olduğunu göstərir. Vaxtilə Rusiyaya yaxın olan dövlətlər Kreml ilə məsafə saxlamağa üstünlük verirlər. Böyük ehtimalla bu davranışlar həmin ölkələrin savaşından sonra formalaşacağı gözlənilən yeni dünya düzənində özlərini pay qazanmaq istəklərinə hesablanıb. Həmin ölkələr həm də Rusiyanı dəstəklədiklərinə görə Ukrayna savaşından sonra cəzalana biləcəklərindən də ciddi şəkildə narahatdırlar.
Bütün bunlar onu göstərir ki, bəzi Avropa ölkələrinin Rusiya üzərindən öz maraqlarını təmin etməyə çalışdıqları tarixi mərhələ artıq sona çatmaq üzrədir. Bundan sonra Kreml Rusiyanın gələcək taleyini təkbaşına müəyyən etməli olacaq. Bu baxımdan, müttəfiqləri olmayan və Ukrayna savaşında ciddi şəkildə zəifləyən Rusiyanı daha hansı zərbələrin gözlədiyi böyük maraq doğurur.
Yeganə




