“İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani mollabaşıdır, molla rejiminə nökərlik edir. O “Nardaran 313″ “Telegram” kanalında ağzına gələni Zəngəzur dəhlizi ilə bağlı danışıb. Utanmadan deyir ki, “Mən arzu edirəm ki, İrana məxsus olan və Gülüstan, Türkmənçay, Axal və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin”.
Bu fikirləri Elchi.az–a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, İran indiki mərhələdə qəsdən Azərbaycana təzyiq etmək üçün bu cür adamlardan istifadə edir:
“Əfşar Süleymani unutmamalıdır ki, adını çəkdiyi müqavilələrdə bütöv Azərbaycanı farslarla ruslar iki hissəyə parçalayıb. 50 milyonluq bir türk xalqını və onun torpaqlarını öz aralarında bölüşdürüblər. Mollabaşlar yaxşı bilir şimali Azərbaycan 1991-ci ildə rusların əsarətindən qurtularaq 30 ildir öz müstəqliyini qurub və yaşadıb. Bax, mollaları narahat edən əsas budur ki, qorxurlar ki, İranda yaşayan 40 milyonluq xalq da öz müstəqliyinə qovuşar və yenidən Azərbaycan tam bütövləşər! Hətta 44 günlük Vətən müharibəsindən sonra biz erməni-rus-fars işğalında olan torpaqlarımızın 20 faizinin 96 faizini geri qaytarmağımız da İranı çox ciddi şəkildə narahat edir. Bu səbəbdən də İran Əfşar kimi mollabaşlara nökərlik edənlərin dili ilə üzərimizə gəlmək istəyirlər. Bir məqamı da deyim, bəzən Əfşarı türk kimi təqdim edirlər. Şəxsən mən düşünürəm ki, bunu da mollalar qəsdən edir. Sanki İranda yaşayan türklərin “nümayəndəsi” kimi Əfşarı bizə sırımaq istəyir. İnanmıram ki, qanı təmiz olan TÜRK bu cür danışsın və düşünsün. Bunu ancaq öz milli kimliyinə hörmət etməyən, satqın və xain adam edə bilər…
Mən çox arzulayıram ki, Şimali Azərbaycanla Cənubi Azərbaycan birləşib 50 milyonluq Bütöv Azərbaycan yaransın və o zaman biz də inşallah Əfşar Süleymanini Bütöv Azərbaycanın səfiri kimi Farsıstanda Azərbaycanın səfiri təyin edərik!”.
Yeganə





