“Qərb Kremllə “pişik siçanla oynayan kimi” oynayır”.
Bu sözləri Elchi.az-a açıqlamasında politoloq Azər Qasımov söyləyib.
Rusiyanın Ukraynaya hücumundan altı ay keçdiyini xatırladan politoloqun sözlərinə görə, maksimum 3-4 günə qələbə çalacağını və bütünlüklə Ukraynanı işğal edəcəyini fikirləşən Kreml rəsmiləri elə bir çıxılmaz duruma düşüblər ki, bu dalandan ancaq məğlub çıxacaqları mütləqdir:
“Bu məğlubiyyətin əsası işğalın ilk anında, hətta Putin bu fikrə düşəndə qoyulmuşdu. Artıq altı aydır ki, rus ordusu Ukraynada “bataqlığa” batıb. Getdikcə də batır. Bataqlıqdan çıxması da, orda batması da məğlubiyyət anlamına gəlir. Hər iki hal verilən insan və hərbi texnika itkisinin dəfələrlə artması deməkdir.
Qərbin Rusiyanı cəlb etdiyi oyun elə qurulub ki, Qərb istədiyini edə bilir. Ukraynaya verilən silahların çeşidliliyi və miqdarı elə tənzimlənir ki, Rusiya əzab çəkə-çəkə məğlub olsun. Müharibənin əvvəlində verilən silahlar rus ordusunun texnikalarını məhv etməyə yönəlmişdisə, sonrakı silah-sursat anbarlarını, yanacaq depolarını, komanda mərkəzlərini, təchizat yollarını məhv etmək üçün verildi. Amerika Ukraynaya 20 “HİMARS” roketatar silahı verib ki, bu müharibənin gedişini dəyişdi. Amerikada bundan 540 ədəd var. Ən maraqlısı da odur ki, bu, 1980-ci illərin silahıdır. Amerika bundan sonra daha yeni silahlar istehsal edib.
Qərb əgər istəsə idi bu silahların miqdarını elə həddə artırıardı ki, Ukrayna ordusu qısa zamanda rus ordusunu darmadağın edərdi, amma bunu etmir. Təbii ki, burda silah-sursat transferi, bunlardan istifadə edən hərbi kadrların hazırlanması üçün zaman tələb olunur, amma istək olsa idi, bu, həll edilən məsələ olardı”.
A.Qasımovun fikrincə, Qərb Rusiyanı elə vəziyyətə salmaq istəyir ki, Rusiya həm iqtisadi, həm də hərbi olaraq tam gücdən düşsün:
“Bunun üçün də zaman lazımdır. Bu zaman Rusiyanın əleyhinə işləyir və daxildə narazılıqların artmasına görə planlanıb. “Saatlı bomba” Rusiyanın kənardan müdaxilə ilə deyil, daxildən dağılması üçün ayarlanıb”.
Yeganə




