“ABŞ dövlət katibi Antoni Blinkenin Minsk qrupunun yenidən “dirildilməsi” haqqında fikirlərinin heç bir hüquqi əsası yoxdur və blefdən başqa bir şey deyildir”.
Bu fikirləri Elchi.az–a açıqlamasında politoloq Azər Qasımov söyləyib.
Onun sözlərinə görə, əvvəla, ABŞ-ın özü Rusiyanın Ukraynaya hücumu ilə əlaqəli Rusiya ilə diplomatik əlaqələri kəsdiyi üçün Minsk qrupuna xitam verildiyini bəyan edib:
“Bunu digər həmsədr olan Fransa da eyni arqumentlə qəbul edib. Rusiya da bunu məqbul hesab edib və beləliklə, Minsk qrupunun dağıldığı dünyaya bəyan edilib.
Bu durumda Rusiyanın Ukraynaya intervensiyası davam etdiyi üçün dəyişən bir şey olmadığına görə, Minsk qrupunun yenidən “dirildilməsi” absurd fikirdir, həm də keçmiş “Minsk qrupunun” üzvü olan ölkələrin hər biri fərdi olaraq bu məsələ ilə əlaqəli müxtəlif adlı nümayəndələr təyin etmişkən.
Qəribəsi odur ki, Azərbaycan dövləti bu qrupun fəaliyyətindən narazı olduğunu Prezident İlham Əliyev tərəfindən həmsədrlərin Bakı səfəri zamanı üzlərinə ironiya ilə demiş, hətta qrupun üzvlərini aşağılayırcasına niyə gəldiklərini, bu qrupun fəaliyyətsizliyindən onlara ehtiyac qalmadığını açıq söyləmişdi”.
A.Qasımov qeyd edib, ABŞ dövlətinin özünü prosesdən kənar qalmamaq üçün zorla regiona soxmaq cəhdi geosiyasi amillərlə bağlıdır:
“ABŞ-ın dərdi nə Qarabağ problemi, nə də ermənilərdir. Onun dərdi Rusiya ilədir. Qərbin dəstəyi ilə hakimiyyətə gətirilən Paşinyan hələ ki, öz missiyasını tamamlamayıb. Paşinyan Qərbin tapşırığı ilə Ermənistanı Rusiyadan qopardıb, rus qoşunlarını Ermənistandan çıxardıb, Qərbyönlü dövlət olmaq siyasəti yürütməyi planlaşdırır. Müharibədə məğlub olmuş Ermənistan bunda Rusiyanı günahlandırır və indi də Qərbdən mədət umur.
Hesab edirəm ki, ABŞ dövləti istəyinə nail olmaq üçün Azərbaycana da təzyiqlərini artıracaq, amma çox da irəli gedə bilməyəcək. Azərbaycanın geosiyasi yeri davam edən Ukrayna müharibəsi fonunda Avropa üçün həyati əhəmiyyətə çevrilib. Bu baxımdan, ABŞ ancaq Azərbaycana təzyiq barədə blef edə bilər, gerçəkdən buna cəhd edə bilməz. ABŞ–ın Rusiya ilə əlaqəli planları varsa, bunu Ermənistanı poliqona çevirməklə həll etsin. Azərbaycan Qarabağ məsələsini həll edib. Artıq heç bir yardımçıya ehtiyac yoxdur. Erməni xalqı isə əgər məhv olmaq istəmirlərsə, Azərbaycandan bərk yapışsınlar, bəlkə Azərbaycanın onlara yazığı gəldi və onları da Rusiya ilə ABŞ-ın əlindən alıb xilas etdi”.
Yeganə





