“Tarix göstərir ki, xalqımız qədim mədəniyyətə, milli dəyərlərə və dövlətçilik ənənələrinə malikdir. Dövlətçilik tariximizdə uğurlu müharibələr apararaq həmrəy xalq olduğumuzu, vətənimizin bütövlüyü uğrunda son nəfəsimimizə qədər döyüşə biləcəyimizi göstərmişik. Biz bunu XXI əsrdə apardığımız II Qarabağ müharibəsi zamanı bütün dünyaya sübut etdik”.
Elchi.az xəbər verir ki, bu sözləri millət vəkili İlham Məmmədov Feysbuk hesabında qeyd edib.
Deputatın sözlərinə görə, 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 illik işğala son qoydu və mənfur düşmənlərimizdən qisasımız alındı:
“2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Artıq Müharibənin bitməsindən iki ilə yaxın müddət keçib. Bu dövr ərzində müqaviləyə əsasən həm Azərbaycan həm də Ermənistan tərəfindən müxtəlif addımlar atılıb. Ancaq düşmən tərəf revanş hissi ilə yaşayaraq bəzən terrora və təxribatlara əl atır. Son olaraq Avqust ayının əvvəlində Ermənistan yenidən təxribata əl atdı. Buna cavab olaraq 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı “Qisas Əməliyyatı” həyata keçirildi.
Əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsinin qarşısı alınıb. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürülüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun, indiki Kəlbəcər rayonunun ərazisindəki Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Bu gün 26 avqust tarixində möhtərəm cənab prezident İlham Əliyev öz rəsmi Twitter hesabında Azərbaycan Ordusunun Laçın şəhərində yerləşdiyini, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünü bəyan etdi. Artıq müqəddəs bayrağımız Laçında dalğalanır. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bizə ancaq qələbə yaraşır!”.
Yeganə






