“Laçının strateji əhəmiyyətini uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın digər rayonlarının işğalında məhz bu son dərəcə mühüm ərazinin itirilməsi həlledici rol oynadı. Laçının işğalı Qarabağdakı separatçı rejimin “anklav” vəziyyətindən çıxmasına, birbaşa təchizat yolunun açılmasına, nəticə etibarilə işğalçıların toparlanmasına və güc yığmalarına səbəb olmuşdu”.
Elchi.az xəbər verir ki, bu fikirləri “YeniÇağ” media qrupunun rəhbəri Aqil Ələsgər Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan 30 illik arzuolunmaz gedişatı dayandırdı və hərbi-siyasi gücü ilə Laçın üzərində nəzarəti bərpa etdi, üçrəngli bayrağımızın laçınlar yurdunda yenidən dalğalanması üçün bütün maneələri aradan qaldırdı:
“Laçının boşaldılması ilə gözləntilərimizin ünvanı və miqyası da dəyişdi. İnşallah, növbəti ümummilli coşqumuz bayrağımızın Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və Xankəndidə də dalğalandığı gün olacaq…
Biz Ali Baş Komandanımızın “Mən nəyi nə zaman harada edəcəyimi yaxşı bilirəm” sözündəki qətiyyətə inanırıq. Bilirik ki, İlham Əliyev bizim bu arzularımızı da çin edəcək”.
Yeganə




