Arif bəy, dünyaya yenidən gəlsəydi onunla yenə elə davranardım…
Arif bəylə bəlkə də mənim qədər sərt davranan, güzəştə getməyən az sayda adam olardı. Kənardan hamı elə bilərdi biz bir-birimizə “güldən ağır” söz demərik. Lakin ikilikdə olanda… Bir dəfə də olsun mənə sərt cavab qaytarmadı, inciyib-küsmədi. Narazılığını üzmə vurmadı, dost-tanışa da məndən giley-güzar etmədi.
Arif bəy Vayxırda müəllim işləyəndə, institutda çalışanda ona bəlkə də güldən ağır bir söz deməmişdim. Əksinə görüşəndə onu yazılarına, pedaqoji fəaliyyətinə, insanlarla münasibətinə görə öyür, xoş sözlər deyərdim. Ailədəki vəziyyətlə maraqlanır, uşaqları xəstələnərsə onun qədər narahatlıq keçirir və onları həkimə aparırdım. Necə deyərlər dost dost üçün nə edə bilərdisə onu edərdim.
Elə ki, Milli Azadlıq Hərəkatı başladı münasibətlərimiz dəyişdi. Bizim dostluq münasibətlərimiz arxada qaldı, mübarizə yoldaşına çevrildik. Mənim üçün Arif bəy daha müəllim, ailə başçısı, araşdırıcı deyil ömrünü vətən və millət uğrunda mübarizəyə həsr etmiş vətənsevər oldu.
Öncələr görüşəndə balalarının sağlıq durumunu, ailə münasibətlərinin necə getdiyini, dissertasiya üzərində necə işlədiyini, nə yazdığını xəbər alardım. 1988-ci ildən sonra söhbətimizin mövzusu da dəyişdi, münasibətlərimiz də. Mən ona qarşı acımasız oldum. Daha ailəsinin vəziyyətini xəbər almadım. Gizli təşkilatın tapşırıqlarını necə yerinə yetirditi ilə maraqlandım. Təşkilatda eyni statusda idi. Mənim ona əmir vermək səlahiyyətim də yox idi. Elə işlər varı onu Arif bəy qədər səliqəli və vaxtında görə biləcək başqasını tapa bilmirdim. Ondan yaşda böyük olduğumdan, həm də xasiyyətini bildiyimdən istədiyim vaxt tapşırıq verə bilirdim. Yazı-pozu işlərinin çoxunu ona gördürürdük. “Yurd” Tarix Etnoqrafiya Birliyinin nizamnaməsini qısa bir vaxtda tamamlayıb verməsini tapşırdıq. Daha xəbər almadıq ki, yazı üzərində işləməyə evdə imkanın varmı? Bu iş dərslərinə, elmi yaradıcılığına mane olmayacaq ki?
Kəndlərdə dayaq dəstələri yaratmağa göndərirdik. Xəbər almırdıq ki, oraya necə gedəcəksən? Getməyə yol pulun varmı? Desə idi ki, yol pulum yoxdur, ona pul verəsi deyildik. Çünki qurduğumuz təşkilatların nə büdcəsi olurdu, nə də gəlir mənbəyi. Ezam etdiyimiz məsləkdaşımız yol pulunu da, qalacaq yeri də özü tapmalıydı. Kimlərin köməyi ilə gizli təşkilatın dayaq dəstələrini quracağını da özü müəyyənləşdirməliydi.
Məsləkdaşlarımız gedirdilər və tapşırıqları da ləyaqətlə yerinə yetirirdilər. Dövlət orqanları xəbər tutmasın deyə keçirilən toplantılar haqqında qeydlər aparılmırdı. Çünki təşkilat üzvlərinə qeydlər aparmaq, sənəd saxlanmaq qadağan edilmişdi. Adamlarda dəhşətli bir KQB qorxusu vardı. Sovet təbliğatı belə bir fikir formalaşdırmışdı ki, KQB-nin kimin harada, nə danışdığını izləyə bilən bir gücü var. Bunun bir mif olduğunu az adam bilirdi.
1988-ci ilin iyulunda Naxçıvan çayın qırağındakı meşədə milli fəalların ilk birləşdirici toplantısını keçirirdik. Ayrı-ayrı qruplar, heç bir qrupa daxil olmayam milli düşüncəli gəncləri toplamışdıq. Sayları da yaddan çıxmaz bir rəqəm idi. Sürücü ilə birlikdə 23 nəfər! Bizi oraya aparan uzunobalı Həsənin sürdüyü PAZ markalı avtobusun 23 oturacağı vardı. Oturacaqların hamısı da tutulmuşdu.
Toplantı çox gərgin keçirdi. Çünkü gələnlər arasında bir birini tanıyan da vardı, tanımayan da. Bir birinə inanan da vardı, özündən başqa hamıya şübhə ilə baxan da. Vətəni əsarətdən qurtarmaq, milləti xoşbəxt günlərə aparmaq istəyən gənclərin ürəyi dolu idi. Toplantıya qatılanların bir qrupu qarşıdan gələn təhlükənin böyüklüyünü görürdü. Yaxınlaşmaqda olan təhlükənin qarşısını almaq üçün təkbaşına mübarizənin mümkün olmayacağını bilirdi. Ona görə xalqı səfərbər edəcək bir təşkilat yaratmaq istəyirdilər. Bəziləri isə vətən və millət mövzusunda illərlə içərisində yığılıb qalmış fikirləri paylaşmağa münasib yer tapmışdı. Gənclərin bəziləri elə danışırdı ki, elə bil Azərbaycanın taleyinə ondan çox yanan yoxdur. Ən böyük vətənpərvər odur. Azərbaycanın taleyi də məhz bu toplantıda həll edilir.
Arif müəllimin pedaqoqluq təcrübəsi də kiçik toplantını idarə etməyə yetmirdi. Elə gənclər vardı çıxışını kəsmək olmurdu. Özü danışıb sözünü bitirdikdən sonra başqasına söz verəndə onun çıxışını kəsib yenidən danışmağa başlayırdı. Nəzakət, sevgi, hörmətlə toplantını idarə etmək olmurdu. Belədə ağacdan qırılıb düşmüş budaqdan dəyənək kimi istifadə etməkdən başqa əlac görmədim. İcazəsiz danışan, çıxış edənin sözünü kəsən ərkim çatanlar dəyənəklə “susdurmalı” oldum. Beləcə 6-7 saat davam edən toplantını birtəhər başa vurduq.
Toplantıda qərara alındı ki, təşkilatı idarə edəcək 5 nəfərlik bir heyət seçək. Hərəyə bir parça kağız və bir qələm verdik. Dedik: “Seçilməsini arzu etdiyiniz 5 nəfərin adını yazıb, bizə verin”. Kağız parçaları toplandıqdan sonra səsləri saymağa başladıq. Ən çox səs toplayan 5 nəfəri idarə heyətinin üzvü elan etdik. Mən həmin kağız parçalarını arxiv üçün saxlanmasını təklif etdim. Sərt və qəti etiraz edənlər oldu. Dedilər: “səsverməni özündə əks etdirən kağız parçaları hökumət orqanlarına verilə bilər”. Arif bəy təklif etdi ki, kağız parçalarını kimə inanırsınız ona verək, saxlasın. Lakin bu təklif səsə qoymağa belə imkan vermədilər. Səsverməyə çıxarsaydıq bəlkə də qəbul edilərdi. Bir neçə nəfər inadkarı narazı salmama üçün güzəştə getdik. Həmin kağız parçalarını yandırdıq.
Bunu ona görə deyirəm ki, Arif bəy və milli azadlıq mübarizləri haqqında sənədlərin az olmasının səbəbini biləsiniz.
Nəinki, gizli təşkilat dövründə, hətta Xalq Cəbhəsi qeydiyyatdan keçdikdən sonra görəcəyimiz işlər haqqında hamıya bilgi verə bilmirdik. Xalq Cəbhəsinin nəinki fəalları, sıravi üzvləri, hətta bu təşkilata elə belə, maraq üçün gələnlər də istəyirdilər görəcəyimiz işlərdən xəbərləri olsunlar. Bu da mümkünsüz idi. Çox vaxt işlər idarə heyətinin, məclisin qərarı ilə deyil, iki-üç fəalın məsləhəti ilə həyata keçirilirdi. Təşkilat rəhbərləri arasında narazılıq yaransa da başqa yol yox idi.
1991-ci ilin avqustunda Arif bəy Aydın Kərimov və Elçibəylə Basqal kəndinə getmişdi. Ailə üzvləri də onun harada olduğunu dəqiq bilmirdi. Bəyim xanım xəbər alanda “hər şey yaxşıdır, işini tamamlayıb gələcək” deməklə kifayətlənirdim. O da bu cavabdan sonra təkidlə Arifin harada olduğunu xəbər almırdı.
Onlar Basqalda xalq cəbhəsi üçün proqram və nizamnamə yazdıqları günlərdə Moskvada çevriliş oldu. Böyük bir qarışıqlıq yarandı. Naxçıvanda xalq cəbhəsinin hansı mövqeyi tutması mövzusunda qızğın müzakirələr getdi. Görəcəyimiz işlər planlaşdırıldı. AXC İdarə Heyətinin bəzi üzvləri ilə məsləhətləşdik. Razılığa gəldik ki, belə qarışıq vaxtda mitinqlər keçirsək yerli hakimiyyət orqanları qisasçılıq mövqeyindən çıxış edərək fəallarımızı həbs etdirə bilər. Buna görə də çevrilişi pisləyən bəyanat verməklə kifayətləndik.
Belə bir gərgin vəziyyətdə Arif cəbhədəki əleyhinə təbliğat başlandı, nə başlandı. Guya o, bilərəkdən belə gərgin günlərdə “aradan çıxıb”. Bu söz-söhbətin qaynağını bilirdik. Cəbhə fəallarının və sıravi üzvlərinin “Arif bəy haradadır?” sualına da cavab verə bilmirdik. Çünki, Elçibəyin qaldığı yer və gördükləri iş gizli saxlanılırdı.
Mən AXC-də olduğun vaxtlar da, ondan sonra da belə hallar dəfələrlə baş vermişdi. Arifi bəyi Tehrana, Qurani Kərimin dilimizə çevrilmiş parçalarını oxuyub redaktə etməyə göndərməyi planlamışdıq. Yola çıxacağı günlərdə gəlib dedi: “Anamın vəziyyəti çox ağırdır. Onu qoyub gedə bilmərəm.” Mən sərtliklə “Ananın səndən başqa gör neçə oğlu, qızı var. Dəfn etməyə, yasını yola salmağa biz də kömək edərik. Səndən başqa bu işi görə biləcək elə bir adamımız yoxdur. İşi yubatma təcili get” dedim. Onun etiraz etməyə yolu qalmamışdı. Hazırlıq gördü ki, səhər tezdən yola düşsün. Onun Tehrana gedəcəyi haqqında təşkilatın qərarı yox idi. Məsələni nə məclisin, nə də idarə heyətinin toplantısında müzakirə etdik. Onun haraya getdiyini beş-üç nəfər bildi.
Həmin gecə anası keçindi. Məcbur qaldı dəfndə iştirak etsin. Anasının ilk cüməsini verdikdən sonra onu Tehrana yola saldıq.
Heç bir il keçməmişdi xəbər tutduq ki, o tayda bir necə gənci həbs ediblər. Onları “Bakı dilində” yazmaqda, bu dildə yazmağın ayrımçılıq, pantürkizmi olduğuna görə cəzalandırmaq istəyirdilər. Gənclərin vəkili Arif bəyin redaktəsində “İslamı birlik” qəzetində çap olunmuş Qurani Kərim mətinlərini qaziyə verərək: Ağa gənclərin yazdığı Tehranda nəşr olunmuş Qurani Kərimin dili ilə eynidir. Siz Quranı Kərimin dilinəmi etiraz edirsiniz?”-demişdi. Qazi vəziyyətin gərginləşdiyini görüb gəncləri danlamaqla işi başa vurmuşdu. Arif bəy bu hadisədən xəbər tutanda uşaq kimi sevinirdi.
1992-ci ilin fevralında Xocalıda gərginlik yaranmışdı. Xocalı İcraiyyə Komitəsinin sədri Elman Azərbaycan hökumətə yazdığı məktubların, etdiyi zənglərin bir nəticə vermədiyini görüb kömək istəmək üçün Naxçıvana gəlmişdi. Naxçıvan Muxtar Respublikasının sessiyasında da, Xalq Cəbhəsinin toplantılarında da Xocalıya kömək göstərməyin yolları müzakirə edilirdi. Sərhədlərində tez-tez toqquşmalar olan Naxçıvan özünü zorla müdafiə edirdi. Nizami əsgəri birliklər yox idi. Silah, hərbi sursat, ərzaq çatışmırdı. Bu çətinliklərə baxmayaraq Xalq Cəbhəsi könüllü müdafiə dəstəsinin bir qrupunu Xocalıya göndərməyi qərara aldı. Erməni silahlı dəstələrinin mühasirəsində olan, hər gün sərhədində atışma gedən Naxçıvandan Xocalıya operativ silahlı dəstə göndərmək o qədər də asan deyildi.
Naxçıvandan yalnız təyyarə ilə çıxmaq mümkün idi.. Təyyarəni də o zaman hələ Sovet sərhədçiləri yoxlayırdılar. Biz oraya kömək göndərməyin yollarını arayanadək erməni quldurları Sovet ordusunun 366-cı zirehli alayının köməyi ilə Xocalıda soyqırım törətdilər. Naxçıvanda gərgin bir vəziyyət yarandı. Yenə də Arif bəy belə ağır günlərdə “aradan çıxdığı” haqqında dedi-qodular yayılmağa başladı.
Dedi-qodunu yaradanlara və onu yayanlara deyə bilmirdim ki, Arif bəyi haraya göndərmişik. Onu göndərənlər də, Arif müəllim də belə bir faciənin baş verəcəyini öncədən görə bilməzdilər.
…1993-cü il çevrilişindən sonra vəziyyət gərginləşmişdi. AXC qərargahına axın-axın cəbhəçilər gəlir, çıxış yolları axtarırdılar. Elçibəy Kələkidə, İsa Qənbər və b. həbsdə, İbrahim İbrahimli və b. Milli Məclisdə döyüşəndə qərargahda demək olar ki, rəhbərlik adına qalan Arif bəy idi. Təşkilatın işinin iflic olmaması üçün əlindən gələni əsirgəmirdi. Bəzən günlərlə evinə gedə bilmirdi.
Təklif etdim ki, qərargahda növbə ilə oturaq. Yəni onu mən əvəz edim. Arif bəy də gedib həm dincəlsin, həm də yazı işlərini görsün. Etiraz etmədi. Üç gün sonra dedi: “Sən işin xeyrinə burada oturur, gələnlərə cavab verir, aparatın işçilərinə göstəriş və məsləhətlər verirsən. Lakin sənin bu xeyirxahlığın heç də cəbhəçilərin hamısı tərəfindən normal qarşılanmır. Bakıda cəbhəçilərin çoxu sənin tanımır. Sədrin əmri ilə rəsmi qaydada vəzifəyə təyin edilməyibsən. Qısqanclar, araqarışdıranlar da az deyil. Sənin ideoloji işlərdə kömək etmən kifayətdir. Özüm işləri qaydasına qoyacam. Bir müddətdə gecə-gündüz işlədi.
Lakin Xalq Cəbhəsinin qərargahında işlərin qaydasında getməsi hakimiyyəti ələ alanları razı salmırdı. Arif bəyi və cəbhənin fəallarının bir çoxunu həbs etdilər. Arif bəylə Tağı Xalisbəylini Bayıldakı həbsxanaya deyil Qara şəhərdəki qadın həbsxanasına apardılar. Bir aydan sonra həbsdən çıxanda görüşünə gələnlərin əksəriyyəti təskinlik verirdilər, həbs olduğuna təəssüflənirdilər. Onların keçirdiyi hissləri mən də keçirirdim. Lakin təskinlik vermirdim. Əksinə deyirdim ki, nədən səni tez həbsdən azad etdilər. Gərək çox saxlayaydılar, gərək saxta ittihamlarla 3-5 il həbs cəzası verəydilər. Həbsxanada onları sındırmaq məqsədilə zorla saqqal və bığlarını qırxmışdılar. Onun görüşünə gələn dostlar, tanışlar, məsləkdaşlar üzüldüklərini bildirəndə sərt şəkildə deyirdim: “Nə böyük şey olub, saqqalını qırxıblar! Bir aydan sonra saqqalı öncəkindən də uzun olacaq. Saqqalının qırxılmasını da mən sadə bir iş kimi dəyərləndirirdim. Heç zaman ona təskinlik vermirdim. Verilən və veriləcək zülmü də normal qarşılayırdım. Məsləkdaşlarımız mənə hirslənir, dediklərimə görə təəccüblənirdilər.
Arif müəllim İstanbula ürək əməliyyatına getməliydi. Bunun nə qədər ağır bir əməliyyat olduğundan xəbərim vardı. Onu İstanbula yola salmaq ərəfəsində diktafonumu götürüb evlərinə getdim. Dedim ki, “Milli kimlik şüuru” kitabının ikinci, üçüncü fəsillərində nələri yazmağı planlayırsan. O da həvəslə danışırdı. Dostlarımız gələndə vəziyyət dəyişdi. Məni dəhlizə çağırıb danlamağa başladılar. Təxminən belə dedilər. “Sən neyləyirsən? Elə bil Arif müalicəyə deyil, ölümə gedir. Təskinlik verməkdən, ruhlandırmaqdan onu qorxuya salırsan”. Mən özümü saxlaya bilməyib: “Arifin sağalıb gələcəyini bəlkə də mən sizdən daha dəqiq bilirəm. Cavad Heyətin Arif bəyi müayinə edəndə dediklərini mən eşitmişəm, siz yox. Buna baxmayaraq istəyirəm kitabın sonrakı fəsillərində nələri yazacağını danışsın. Lentdə qalsın. Sağ-salamat gələr özü səsini təkrar dinləyib onun əsasında yazısını davam etdirər. Allah eləməsin əməliyyatdan sağ çıxmaz, onda çalışarıq dediyi fikirlər əsasında kitabını biz tamamlayaq.”
Arif bəy mühacirətə getməsi ərəfəsində “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” simpoziumu keçirəcəkdik. Arif bəyə dedim bir məruzə hazırlasın. Məruzəsi də bölmə iclaslarında deyil, plenar iclasda olacaq. Yəni 45-50 dəqiqəlik məruzə etməli olacaq. O, razılaşdı. Bundan xəbər tutan dostlar yenə mənə “hücum çəkdilər.” Dedilər ki, sən neyləyirsən? Arif bəyi öldürməkmi istəyirsən? Görmürsənmi vəziyyəti ağırdır. Ona dincəlmək, müalicə olunmaq gərəkdir?! Sağlığında heç bir problem olmayan, həmişə Arif bəyi qorumağa çalışan, məni onun sağlamlığına laqeyid yanaşmaqda ittiham edən dostlarımızdan biri o qədər də fəsadverici görünməyən bir xəstəliyə tutuldu və Arif bəydən iki il öncə dünyasını dəyişdi.
Arif də, mən də, siz də, yəni hamımız öləcəyik. Amma kimin nə vaxt öləcəyini deyə bilmərəm. Mənə onun dünyadan köçənədək yazacaqları, deyəcəkləri maraqlıdır. Bacardığım qədər onu daha çox işlədər, daha çox yazdıraram.
Bu mənim ürəkdən gələn fikrim idi. Mənim üçün Arif bəyin çox yaşaması ona görə gərək idi ki, yarımçıq əsərlərini tamamlaya bilsin., düşündüklərini, bildiklərini kağıza köçürsün, çap etdirsin. Mən Arif bəyin yüz il yaşamasını arzulayırdım. Ona görə arzulamırdım ki, Arif bəy uzunömürlü olsun, ona görə arzulayırdım ki, çox yazsın, millətinə çox xeyir versin. Onun həyatına ailəsinin, qohumlarının, dostlarının baxışı ilə mənim baxışım arasında fərq onda idi. İmkanım olsaydı onu mühacirətə getməyə qoymaz, Bakıda saxlayıb dünyasını dəyişənədək bildiklərini kağıza köçürməyə məcbur edərdim.
Kiçik qardaşım Bədoy 1982-ci ildə Naxçıvan Pedaqoji İnstituna ssssssssssqəbul olunmaq üçün sənəd vermişdi. Həmin il Arif müəllimi də qəbul imtahanına salmışdılar. Qardaşımın sənəd verdiyini qəbul imtahanına düşmüş müəllimlərin heç birinə deməmişdim. İş elə gətirmişdir ki, qardaşımdan imtaha götürən müəllimlərdən biri də Arif müəllim olmuşdu. O, qardaşımın biliyini obyektiv qiymətləndimişdi. Qardaşım da müsabiqədə keçə bilməmişdi. Sonralar Arif bəy bu hadisəyə görə çox təəssüflənirdi. Mənə gileylənidi ki, niyə öncədən xəbər eləmədin. Bir qiymət artıq yazsaydıq qəbil olunardı. Arif bəy ona heç vaxt şəxsi işim üçün ağız açmadığımı və açmayacağımı yaxşı bilirdi.
Mühacirətə gedəndən sonra da mən onun necə yaşamasından, sağlamlığının necə olmasından çox nə yazdığı ilə maraqlanırdım. Xəstəliyinin ağır olduğunu, onu tezliklə itirəcəyimizi bilirdim. Buna görə də daha çox işlətməyə çalışırdım. Düşünürdüm ki, əcəl ona istədiklərini yazıb çap etdirməyə imkan verməyəcək. Elə də oldu.
Arif bəyə qarşı etdiklərimdən peşmanammı? Qətiyyətlə deyirəm ki, yox! Arif bəy, dünyaya yenidən gəlsəydi onunla yenə elə davranardım.
Əli Şamil






