“Washington Post” qəzeti bugünkü redaksiya məqaləsində Qərbin insan haqları məsələsində necə ikiüzlü siyasət yürütdüyündən bəhs edib.

Virtualaz.org saytı xəbər verir ki, qəzetin “Sizin heç vaxt eşitmədiyiniz tiraniya” adlı məqalədə söhbət Özbəkistandan gedir.
Qəzet yazır ki, Zimbabve kimi buranın da prezidenti hakimiyyətdən getmək istəmir. İslam Kərimov 1989-cu ildən – Özbəkistan hələ kommunist ölkəsi olduğu vaxtdan bəri gah kommunist, gah da müstəqil dövlət lideri kimi Özbəkistana başçılıq edir.
“76 yaşlı Kərimovun liderliyi ilə Özbəkistanda adambaşına düşən ümumi daxili məhsulun həcmi 3800 dollardır. Bu da Özbəkistana dünyada 171-ci yeri verir. Çində Tyananmen meydanında nümayişçiləri güllələdikləri kimi Özbəkistanda da 2005-ci ildə Əndicanda etirazçıları güllələdilər. Şimali Koreya kimi burada da çoxlu sayda siyasi məhbus var. Ola bilsin ki, Şimali Koreyadakı kimi 100 min deyil, ancaq insan haqları təşkilatları Özbəkistanda 10 mindən 20 minə kimi siyasi məhbus olduğunu deyirlər” – deyə “Washington Post” qəzeti yazır.
Qəzet bunlardan sonra Qərb ölkələrini tənqid edir ki, ABŞ və Avropa liderləri Kərimovla və onun rejimi ilə qarşıdurmaya getmək istəmirlər. Çünki onlara Özbəkistandan keçməklə Əfqanıstana hərbi təchizat yolu lazımdır.
“Washington Post” 2011-ci ildə ABŞ prezidenti Barak Obamanın İslam Kərimovla telefon danışığının Ağ Evin təqdim etdiyi qısa icmalını misal çəkir. Burda Obama iki ölkə arasında əməkdaşlıqdan, vətəndaş cəmiyyəti, özəl sektorlar arasında əməkdaşlıqdan danışır.
Qəzet yazır ki, bu məlumatı oxuyanda, məsələn, Özbəkistanda həbsdə olan 60 yaşlı jurnalist yada düşür: “Bu, yəqin ki, dünyada ən çox həbsdə yatan jurnalistdir. Məhəmməd Bekjanov 1999-cu ildə Ukraynada yaşayırdı və onu Özbəkistanın xüsusi xidmətləri oğurlayıb Özbəkistana gətirdilər. Burda onu döydülər, elektroşokla işgəncə verdilər, həbsxanada vərəm xəstəliyinə tutuldu, məhkum olundu. Onun həbs müddəti 2012-ci ildə bitirdi, bu vaxt da onu həbsxana qaydalarını pozmaqda ittiham edib həbsini 5 il də artırdılar”.
Qəzet yazır ki, bütün bu əzab-əziyyətə səbəb Bekjanovun vaxtilə müxalifət qəzetinin redaktoru olmasıdır (“Azadlıq” radiosunun xülasəsi əsasında).



