Elnur Seyidovun məsələsi dekabrın 3-4-də müzakirə ediləcək 
AXCP sədri Əli Kərimlinin həbsdə olan qohumu Elnur Seyidovla bağlı İşçi Qrupuna müraciət daxil olub. Musavat.com-un əldə etdiyi xəbərə görə, müraciətdə E.Seyidovla bağlı məlumatlar, onun xəstəlik tarixçəsi və sair materiallar baxılması üçün İşçi Qrupa təqdim edilib.
Xəbəri İşçi Qrupun bəzi üzvləri açıqlamasalar da, digərləri təsdiqlədilər. Mirvari Qəhrəmanlı bildirdi ki, ötən ayın əvvəlində İşçi Qrup toplaşdıqda belə bir sənəd olmayıb və müzakirə edilməyib: “Növbəti görüş isə hələ olmayıb. Bu həftə toplaşacağıq, onda hansı sənədlərin olduğu ortaya çıxacaq”.
İşçi Qrupun üzvü Səidə Qocamanlı isə bildirdi ki, bir neçə gün ərzində ölkədə olmadığından, daxil olan sənədlərdən xəbərsizdir: “Ona görə dəqiq deyə bilməyəcəm”.
Sahib Məmmədov isə qeyd edib ki, İşçi Qrupun 12 noyabr toplantısında Elnur Seyidov adlı məhbusla bağlı heç bir sənəd müzakirə edilməyib: “Biz vəsatətlərə baxıb müəyyən təkliflər vermişik, hələ bir yenilik yoxdur. Mən belə bir müraciətə rast gəlməmişəm. İşçi Qrup iki aydan bir toplaşmağı qərara alıb. Ancaq zərurət olarsa, daha tez toplaşa bilərik”.
Novella Cəfəroğlu isə bildirib ki, İşçi Qrupa daxil olan hüquq müdafiəçiləri dekabrın 3-ü, yaxud 4-də toplaşacaqlar: “Biz görüşüb yeni sənədləri, müraciətləri araşdıracağıq. Katiblikdə çoxlu sənədlər var, bunları gəlib özümüz bir-bir araşdırırıq. Elnur Seyidovun sənədləri də bizə verilib və o da araşdırılacaq”.
Qeyd edək ki, Ə.Kərimlinin qaynı Elnur Seyidovu 2012-ci il martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunub. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı fəaliyyətini bərpa edən işçi qrup isə Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təklifilə bərpa edilib.