“Partiyanı cəmiyyətə saxta imiclə təqdim edənlərin əvəzindən bütün Azərbaycan xalqından və müsvatçılardan ÜZR İSTƏYİRƏM!”

İndicə Moderator.az-ın elektron poçtuna bir məktub gəlib və müəllif onun müraciətinin saytda yerləşdirilməsini xahiş edib. Bəri başdan qarşı tərəfəfə də cavab haqqı tanıdığımızı bəyan edirik:
“Mən Müsavat Partiyasının üzvü, 1998-ci ildən Müsavat Partiyasının rəsmi qeydiyyatında olan Nəzirli İsmayıl Dilavər oğlu (İsmayıl Kəsəmənli) Müsavat Partiyasının 26 noyabr 2014-cü il tarixdə yaydığı saxta bəyanatın hansı zərurət və səbəblərdən yarandığının izah olunması xahişi və tələbi ilə günlərdir Partiyanın rəhbər orqanlarına virtual sorğu ünvanlayıram.
Amma çox təəssüf ki, hələ də rəhbərlik bu sorğularım qarşısında susur.
Hörmətli müsavat üzvləri, əqidəli qardaş və bacılarım, hər birimizə gün kimi aydındır ki, o sözügedən bəyanat Partiyamızın imicinə böyük zərbə oldu. Belə ki, bəyanatda 6 aydan çoxdur İngiltərədə yaşayan bir müsvatçının (Divan üzvü, keçmiş deputat İkram İsrafilin oğlu İsrail İsrafilin) tarixi göstərilməyən mücərrəd bir vaxtda, mücərrəd ünvanda polis zorakılığına məruz qaldığı barədə yalan məlumat verilib.
İllərdir, hətta bir əsrdir ki, Azəxrbaycan xalqına xoşbəxt cəmiyyət vəd edən qocaman Müsavat Partiyası adına yayılan saxta bəyanatdan dolayı çox utanıram.
Üzv olduğum demokratik dəyərlərə və ləyaqətçilik prinsiplərinə əsaslanan nizamnaməyə malik partiyanı cəmiyyətə saxta imiclə təqdim edənlərin əvəzindən bütün Azərbaycan xalqından və müsvatçılardan ÜZR İSTƏYİRƏM!



