Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında məhkəmə prosesi başlanacaq.Bu barədə virtualaz.org saytına təqsirləndirilən Qurban Novruzovun vəkili Fariz Namazlı məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə prosesi dekabrın 16-da Bakı Apelyasiya Məhkəməsində başlayacaq. Prosesə hakim Faiq Qasımov sədrlik edəcək.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sümər Gücər 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.
İlham Məmmədov həbs olunana kimi Binəqədi Rayon Polis İdarəsində işləyib.
Təqsirləndirilən şəxslər bir müddət əvvəl apelyasiya şikayəti veriblər. Lakin ilkin baxış iclasında Türkiyə vətəndaşı olan təqsirləndirilən şəxs – Yaşar Sümər Gücərin apelyasiya şikayətini öz dilində yazdığı məlum olub. Bunun üçün iş yenidən Binəqədi Rayon Məhkəməsinə göndərilib. Həmin şikayət Azərbaycan dilinə tərcümə olunduqdan sonra yenidən məhkəməyə qaytarılıb.
Xatırladaq ki, ötən il mayın 2-də Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Nərimanov RPİ 18-ci polis bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Hazırda onların cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan Adolf Şilder 20 il əvvəl Bakıda Azərbaycan vətəndaşı olan qadınla evlənib və onun oğlu Vüsalı övladlığa götürüb.



