Azərbaycanda səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə M.Qurbanlı bildirib ki, Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə qurulub.
O qeyd edib ki, Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər: “Ulu Öndər Heydər Əliyev Azərbaycan-İran əlaqələrinə hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl davam etdirir”. Azərbaycanla İran arasında beynəlxalq müstəvidə əməkdaşlıqdan danışılarkən Komitə sədri qeyd edib ki, istər İƏT və BMT, istərsə də digər beynəlxalq təşkilatlarda qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Görüşdə Komitə sədri Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub: “İşğal nəticəsində İslam dininə aid olan bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb”.
Azərbaycandakı dini durum haqqında məlumat verən sədr bildirib ki, əhalinin 96 faizi müsəlmandır və hazırda iki mindən çox məscid var. İslami dəyərlər dövlətin təminatı altındadır: “Din dövlətdən ayrı olsa da, dövlətimiz daim dinə, dini ibadət yerlərinə – məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir. Yeni məscidlər tikilir, bərpa və təmir olunur. Biz bütövlükdə İslamda radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyllərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür”.
Abuzər İbrahimi Türkman qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Bu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən qonaq səfərin İranla Azərbaycan arasında din və mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə böyük təkan verəcəyini vurğulayıb.
O, din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışaraq qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcəkdir. A.İ.Türkman bildirib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki dövlət arasında münasibətləri yeni müstəviyə keçirib.
Görüşün sonunda Abuzər İbrahimi Türkman səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib və onu İrana rəsmi səfərə dəvət edib. Görüşdə İİR-in ölkəmizdəki səfiri Möhsün Pak Ayin, İİR səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi, İranın ali dini rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnicat, həmçinin, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədli iştirak ediblər.