Baş redaktor: “AXCP ilə davamız başlayanda Əli Kərimli bu iqtidarın yanındaydı, 2001-ci ildə
onu mən müxalifətə qaytardım… ”
AXCP sədri Əli Kərimlinin şər dəstəsinin məlum kampaniyası üçün yeni material tapılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazdığı son məqaləsində “Yeni Müsavat” qəzetinin baş redaktorundan sitat gətirib. Nəymiş o sitat? Budur: “Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm”…
Bir az dəyişdirilib, “gerizəkalı” sözü “geridəqalmış” kimi düzəldilib. Amma fakt-faktlığındadır: Administrasiya rəhbəri özünün az qala kitab həcmdə olan məqaləsində R. Arifoğlunun bu fikrinə yer verib.
Bundan ruhlanan AXCP rəhbərliyi, fəalları, “Azadlıq” qəzeti yazarları baş redaktorun üzərinə yeni hücum, böhtan, söyüş dalğası başladıblar. Sanki siyasət yaranandan bundan böyük hadisə baş verməyib. Cümlə qurmağı bilməyən İlham Hüseyn adlı AXCP funksionerinin imzası ilə baş məqaləni Əli Kərimli şəxsən yazıb. Xaricə qaçmaq üçün startda olan ştatlı mirzə Natiq Güləhmədoğlu daha birisini, Xaliq Bahadır, digər “…dır-dir –dür”lər başqalarını…
O qədər də sevincəkdirlər ki, sanki ifraz etdikləri böhtan nəcislərindən muncuq tapıblar.
Prezident Administrasiyası rəhbərinin yazısında Kissincerdən, Fukuyamadan, Kantdan, Mirmahmud Mirəli oğlundan, Sərdar Cəlaloğlundan sitatlar olduğu halda…
|
Diqqətimizi çəkən cəhət budur ki, R. Mehdiyevin məqaləsində istinad və sitatlar çoxsaylıdır. Yəni məqalə R. Arifoğlunun sitatı üzərində qurulmayıb. Burada müəllif fikrini əsaslandırmaq üçün filosoflardan, siyasi texnoloqlardan, dövlət xadimlərindən sitatlar gətirib.
Məsələn, BMT İnkişaf Proqramının rəhbəri Helen Klark , Frensis Fukuyama, Şarp, Olbrayt, C.Nayın , Kant, Amerika analitiki Erik Drayser məqalədə sitat gətirilən ünvanlardandır. Burada Azərbaycan siyasi səhnəsində olan tanınmış siyasətçilərdən – Mirmahmud Mirəlioğlundan, Sərdar Cəlaloğlundan və başqalarından da sitatlar var.
“Əli Kərimli çetesinin reaksiyasından aydın görünür ki, R. Mehdiyev məqsədinə çatıb. Müxalifətin içində AXCP-nin başlatdığı və mənim üstümə fokuslanan daxili çəkişmələri bir yazı ilə daha da alovlandırdı”
|
Lakin AXCP yetkililəri və onların “Azadlıq” qəzetində çalışan uzantıları yalnız R. Arifoğlunun cəmi bir cümlədən ibarət olan sitatını hadisə ediblər. Niyə? Bu sualı Rauf Arifoğlunun özünə verdik: “Qərəz göz önündədir. Əli Kərimlinin dərdi-azarı mənəm, əsas səbəb budur. Guya bununla mənə qarşı “növbəti və həlledici” hücumunu, ifşa kampaniyasını həyata keçirir. Lakin bu adam hər dəfə mənə dəydikcə, özü parçalanır, mahiyyətindəki kiçiklik, qisasçılıq, ciğallıq, qərəzlilik ortaya tökülür. Hakimiyyətin siyasi və informasiya xəttini aparan baş texnoloq məqalə yazıb. Məqalə müxalifətə qarşıdır – siyasi rəqiblərə. Təbii ki, bu cür yazılarda düşərgədaxilindəki konfliktlərdən yararlanacaqlar. Biz də belə etmişik, hər zaman. İqtidar düşərgəsində uyuşmazlıq, konflikt, tənqid olanda, dərhal qəzetlərə, məqalələrə sitat kimi daşımışıq, arqumentləşdirmişik. Bunu iqtidarın baş polit-texnoloqu da bacarır və Əli Kərimli çetesinin reaksiyasından aydın görünür ki, R. Mehdiyev məqsədinə çatıb. Müxalifətin içində AXCP-nin başlatdığı və mənim üstümə fokuslanan daxili çəkişmələri bir yazı ilə daha da alovlandırdı. Görünən də budur ki, hakimiyyət bu davanın yatmasını istəmir. Əli Kərimli də hər gün daha da artan kin-kidurətlə “Yeni Müsavat” qəzetinin üstünə gəlməklə, iqtidarın bu marağına xidmət edir. Əminəm ki, təcrübəli texnoloq olan R.Mehdiyev bu sitatı yazısına salanda dəqiq bilirdi ki, reaksioner Əli Kərimlinin buna münasibəti, sonrakı davranışları necə olacaq. Budur, hər şey göz önündədir. AXCP bütün potensialı ilə irəli atıldı, dava daha da qızışdı. Təbii ki, biz də bu yeni mərhələyə dair “atəş nöqtələri”nə cavab yaylımı açacağıq… Bax, illərdir “radikal” Əli Kərimlinin müxalifət düşərgəsinə xidməti budur. Adam “agent-provokator” tipidir ki, var. Müxalifətin toparlanmasına, bir araya gəlməsinə imkan vermir”.
“Görünən də budur ki, hakimiyyət bu davanın yatmasını istəmir. Əli Kərimli də hər gün daha da artan kin-küdurətlə “Yeni Müsavat” qəzetinin üstünə gəlməklə, iqtidarın bu marağına xidmət edir. Əminəm ki, təcrübəli texnoloq olan R.Mehdiyev bu sitatı yazısına salanda dəqiq bilirdi ki, reaksioner Əli Kərimlinin buna münasibəti, sonrakı davranışları necə olacaq”
|
R. Arifoğlu deyir ki, AXCP yetkililərinin məntiqincə, R. Mehdiyevin sitat gətirdiyi bütün ünvanların “maskası” cırılıb, ifşa olunublar: “O cümlədən də Olbraytın, Kantın, Kissincerin, Fukuyamanın… Gülünc məntiqdi, lakin Əli Kərimliyə məxsus olduğu üçün “ciddidir”. Onlara və digər azərbaycanlı siyasətçilərə toxunmadan, mənə yüklənmək, manşetlər atmaq… Əslində, mənim üçün xoş bir eksperimentdir. Bir dəstə tülüngü “axe-ce-pe”çiləri təkbaşıma üstümə çəkib, məşğul edirəm. Xeyli adamın, siyasətçinin, yazarın canı bir az dincəlsin. Kərimlinin şər makinası indilik mənə işləyir… ”
“Azərbaycan hakimiyyəti 2015 seçkiləri istiqamətində müxalifətlə anlaşmaya doğru yarım addım da atmayıb. Əli Kərimlinin “anlaşdılar, Rauf Arifoğlu aralarını düzəltdi, mən kənarda qaldım”, isterikası da …şivənlikdən başqa bir şey deyil. Yoxdur belə bir şey, təəssüf ki!”
|
R. Arifoğlu müsavat.com-un ona sual verən müxbirinə deyib ki, Ramiz Mehdiyevin məqaləsində Müsavat Partiyası da kəskin tənqid olunub: “Həm də daha artıq və daha amansız. Başqaları, məsələn Eldar Namazov, Leyla Yunus Əli Kərimlidən daha artıq hədəfə götürülüb. Lakin Əli Kərimli və onun çetesi bu faktı qismən görməzdən gəlməyə çalışblar. Alınmayıb, ona görə də belə izah ediblər ki, Ramiz Mehdiyev bunları “izi azdırmaq üçün” edib. Yəni artıq Müsavat Partiyası ilə hakimiyyət arasında bir anlaşma var , sadəcə R. Mehdiyev diqqəti yayındırmaq üçün Müsavatı da AXCP-nin gözünə qatır. Allah ağıl versin. Lakin 27 ilini siyasətə vermiş birisi kimi deyim ki, belə bir fantastik görünən ssenarinin reallaşması üçün hər şeyə hazıram. Təki Azərbaycan hakimiyyəti nəhayət, qəbul etsin ki, Azərbaycanın ana müxalifət partiyası ilə gələcək seçkilər mövzusunda, islahat və demokratik idarəetməyə keçidlə bağlı anlaşmaq və danışmaq lazımdır. Təbii ki, belə olacağı təqdirdə dağıdıcı və təxribatçı güc olan Əli Kərimli çetesi kənarda qalacaq. O, 10 il istifadə etdiyi, mandatını daşıdığı mövcud iqtidarla da, Müsavat Partiyası və digər müxalifət komponentləri ilə də limitini tükədib. Birinə atıb, aldadıb, digərlərini bezdirib, dözümünün son həddinə gətirib…Lakin təəssüflə qeyd edirəm ki, belə bir şey yoxdur – Azərbaycan hakimiyyəti 2015 seçkiləri istiqamətində müxalifətlə anlaşmaya doğru yarım addım da atmayıb. Əli Kərimlinin “anlaşdılar, Rauf Arifoğlu aralarını düzəltdi, mən kənarda qaldım”, isterikası da …şivənlikdən başqa bir şey deyil. Yoxdur belə bir şey”.
“İqtidar Müsavat xəyali yaxınlaşmasına gəlincə, hər iki tərəf mandat versə, Azərbaycan naminə bu prosesə start verə bilərəm… Əli Kərimli bir az da bağıracaq, o qədər…”
|
Baş redaktor son olaraq bunları deyib: “Bunların şantajı mənə viz gəlir. Mən savaşların bütün kateqoriyasını görmüş və yaşamış biriyəm. Erməni ilə, ruslarla, bu iqtidarla… Əli Kərimlinin qara-qura adamları ilə də ilk dəfə deyil, üz-üzə gəlirəm. Bu dava başlayanda, Əli Kərimli və hörmətli Ramiz Mehdiyev eyni tərəfdə idilər. 1997-2001-ci illərdə belə oldu. 2001-ci ildə Gündüz Tahirlinin yardımı ilə Əli Kərimlini mən “verbovka” edib, müxalifətə qaytardım. Bunu özü də bilir. Bilən və yaşayan daha iki tanınmış lider var. İcazələrini alsam, onların da adlarını çəkər, sitat verərdim… İqtidar Müsavat xəyali yaxınlaşmasına gəlincə, hər iki tərəf mandat versə, Azərbaycan naminə bu prosesə start verə bilərəm… Əli Kərimli bir az da bağıracaq, o qədər… ” (Musavat.com)