“Fransa prezidenti Makronun son bəyanatını Azərbaycana meydan oxumaq kimi dəyərləndirmək olar. Makronun Qarabağ ərazisini dünya miqyasında guya tanınmamış ərazi adlandırması və Ermənistanı tək qoymayacaqlarını bəyan etməsində yeni bir şey yoxdur”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.
Fransanın mövqeyinin həmişə məlum olduğunu söyləyən politoloq qeyd edib ki, onların Ermənistanın yanında olmasını bilməyən yoxdur:
“Belə olmasa idi Qarabağın və ətraf ərazilərin işğalı 30 il davam etməzdi.
Azərbaycan təbii ki, buna öz etirazını mütləq bildirməlidir. Fransa səfirinə etiraz notası verilməlidir.
Əsas məsələ Makronun həyasızcasına bir neçə gün öncə Çexiyada hamının fərəhlə təriflədiyi sülh müqaviləsi bəyanatının eyforiyası keçməmiş verdiyi bu bəyanatın Qarabağın heç kim tərəfindən tanınmamış ərazi olması hissəsidir. Bu, düşünülmüş addımdır və danışıqları pozmaq üçün Ermənistana verilən açıq dəstəkdir. İran və Fransa bu məsələdə Ermənistanın yanında açıq dayanan iki əsas sabotajçı ölkələrdir.
Danışıqlar artıq bu məcrada gedəcək. Bir ölkənin vasitəçiliyi ilə keçirilən görüş və əldə olunan hansısa razılaşma digər ölkə tərəfindən sabotaj ediləcək. Ermənistan da danışıqlardan yayınmaq, vaxt qazanmaq üçün bundan istifadə etməyə çalışacaq. Bilindiyi kimi, Ermənistan Rusiya-Ukrayna müharibəsinin sonunu və Türkiyədə gələn il keçiriləcək seçkilərin nəticələrini gözləyir. Nəticələr məlum olmayana kimi hər hansı danışıq elə danışıq olaraq qalacaq. Nəticəyə görə hansı plan cızacaqları da sirr deyil. Onlar Ərdoğansız Türkiyə və zəifləmiş Rusiya arzusundadırlar ki, sonra isə Qərbin dəstəyi ilə yenidən Qarabağ oyununu sıfırdan başlasınlar”.
Yeganə




