Halal-hümbət mükafatları halal-hümbət adamlar ala bilmədikləri halda, haram-hümbət mükafatları haram-hümbət adamların alması elə asan
başa gəlir ki!
Saxarovun adına iki mükafat var. Biri Norveç Helsinki Komitəsinin, biri də Avropa Parlamentinin. Norveç Helsinki Komitəsinin 2014-cü il üçün Andrey Saxarov Azadlıq Mükafatını Azərbaycanda həbs olunan QHT rəhbərlərinə və digər kateqoriya insanlara verib. İki səbəbdən mükafatın verilməsinə, alınmasına, kimlərinsə layiq görülüb-görülməməsinə qarışacağım yox, zatən! Birincisi, bu komitənin fəaliyyətini öz idarəedicilləri müəyyənləşdirir. İkincisi isə bu mükafata “layiq görülənlər”in BƏZİLƏRİNİN fəaliyyəti, BƏZİLƏRİNİN əsil-nəslini xatırlamaq bəs edir. Sadəcə, bir sıra nüansları qeyd etməsək, olmur. Axı bu mükafat ehtiyacı olmadan qrant alıb onlarla insanı işlə təmin edən, şüurlu həyatını, ictimai fəaliyyətini insan hüquqlarının müdafiəsinə həsr edən, neçə-neçə insanın azadlığına qovuşmasında, hüquqlarının qorunmasında fədakarlıq edənlərdən birinə, məsələn Novella Cəfəroğluna verilmir.
Ondan başlayaq ki, mükafatçı adların bəziləri QHT rəhbərləridir və həbsdədirlər. Allah qapılarını açsın (hansı səbəb olur-olsun kiminsə zindanda olmaısını arzulamaq günahdir)! Ancaq bu adamlar rəsmi ittihamlara görə, siyasi baxışlarından, ictimai fəaliyyətlərindən dolayı deyil, vergidən yayınmaya görə həbs olunublar. Bu məlumatları daxildə də, xaricdə də çoxları oxuyub, Ancaq özünü demokratiyanın “xaç atası” hesab edənlər, onların QHT-ləri, mətbuatı, bir sözlə başbilənləri belə istəyir. Bunun nümunəsidir ki, Yelena Bonner-Əlixanyanın ərinin adına olan bu mükafat da bizim kolleqalarımızın bir qrupuna verilib. Amma adına mükafat təsis olunan rus Saxarov arvadı Əlixanyandan daha çox ermənpərəst idi, nəinki azadlıq carçısı. Sovetlərin əleyhinə çıxmaq AZADLIQ CARÇISI olmaq deyil axı! Əgər bu CARÇILIQ bununla ölçülsəydi mükafat Soljenitsının adını daşıyardı.
Məncə, Qərbin müvafiq institutları və QHT-ləri Azərbaycanda bu vəziyyətin davam etməsində, eləcə də bu gün mükafatlandırılan adamların həbsdə qalmasında maraqlıdır desək, qətiyyən səhv etmərik. Ona görə ki, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, digər təşkilat və qurumlar Azərbaycan hakimiyyəti ilə təzyiq dilində danışmağın keçərli olmadığını artıq yaxşı bilirlər, amma o yoldan geriyə çəkilmirlər. Nəticə budur. Zənnimcə, belə olmasaydı, haqqında məhkəmə hökmü çıxarılmış bəzi məhbuslarla bağlı prezidentin humanist qərar verəcəyi gözlənilirdi. Nəticədə bu məhbusların bir çoxunun həbsdə keçirəcəyi sonuncu bayram Qurban Bayramı, azad olunduğu gün isə Azərbaycanın Dövlət Müstəqilliyi Günü – 18 Oktyabr olacaqdı. Necə ki, Həsən Hüseynli, üç nəfər gənc NİDAçı bu hissi yaşadılar. Amma həmin bu QƏRBLİ TUTUQUŞUlar imkan vermirlər ki, həbsdə qalan digərləri də azadlığa çıxsın. Qəsdən, özlərinin maraqları naminə.
Onu demək yerinə düşər ki, həbs olunan QHT rəhbərlərinin intelektual olduqlarına, savadlı olmalarına kimsə şübhə etmir. Ancaq bu kriteriyalar hələ nə problemin həlli, nə də məsələnin mahiyyətidir. Bu şəxslər intellektual, savadlı olduqları qədər də fəaliyyətlərində şəffaf olmağa məhkum idilər. O qədər şəffaf ki, özlərinə qarşı hər hansı ittihamın yaranmasına yol qalmasın. Bəs nədən savadlı olmalarına rəğmən presedent yaradıblar? Hesabatlar, hesabatların dərc olunması hələ şəffaflıq deyil. Alınan vəsaitlər o dərəcədə şəffaflıqla xərclənməliydi ki, vergidən yayınma ittihamını irəli sürmək mümkün olmasın. Amma oldu! Deməli, şəffalıq elə olmayıb. Ola bilsin ki, bu yerdə kimsə iddia edəcək ki, fəqr etməzdi, bütün hallarda olacaqdı. Onda əks məntiq var ortada. Əgər bu vəsaitlər, maliyyə təyin və təsdiq olunan məqsədlərə tam xərclənsəydi, şəffalıq olsaydı onda villalar, maşınlar, xarici səfərlər, xaricdə evlər nəyin hesabına alınardı? Layihə rəhbəri kimi alınan əmək haqqınamı? Gərək illərlə… və s. xaricdə, Bakıda ev, maşın alasan…
10 ilə yaxındır ki, bizim təşkilatımız ildə bir dəfə güclə qrant ala bilir… Əks arqumetlər axtaranlar üçün bu illər ərzində onlarla qrant layihələri təqdim etdiyimiz, amma verməyən təşkilatlardan bir neçəsinin adını yazmaq istəyirəm: ABŞ-ın Azərbaycandakı səfirliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Norveçin Azərbaycandakı səfirliyi, Kanadanın Türkiyə və Azərbaycan səfirliyi, ATƏT-in Bakı Ofisi, Avropa Şurası, Milli Demokratiya Fondu, Avrasiya Fondu… Siyahını çox uzatmaq olardı, amma ümumi mənzərəni görməyə elə bu qədər də yetər.
Deyirlər ki “çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”. Demokratiya, şəffalıq uğrunda mübarizəni gərək birinci özündən başlayasan. Fəaliyyətin, büdcən, işçilərinin adı, məvacibi, ödəmələr, vergi yükü və ödənişləri ictimaiyyətə, xalqa, hökumətə CAR olsun. Oldumu??
Onlar demokratiya, insan hüquqlarının qorunması üçün mübarizə apardıqlarına görə basqılara məruz qalıblar, həbs olunublar, deyənlər üçün: Bəs yerdə qalanlar, həbs olunlayanlar, bizlər demokrtiyanın əleyhinə olmuşuq? Bəlkə biz kef içində yaşayırıq? Bəlkə insan hüquqlarının pozulmasını tələb etmişik? Hətta bu hüquqların pozulması üçün bir piket, mitinq təşkil etmişik? Vallah, səbəb o deyil. Şəxsən demokratiyanın müdafiəsindən heç zaman kənarda olmamışam. Amma bu donorlar, beynəlxalq təşkilatlar heç zaman bizim bir layihəyə də dəstək verməyiblər. Nədəni gün kimi aydındır: Şəbəkədə üzvlüyümz olmayıb, onların cızdıqları dairədə durmamışıq. Şəbəkənin üzvü olmağın, cızılan dairədə fəaliyyət göstərməyin hesabat hazırlamaqdan başqa gizli nüansları da var. Bizlərə etibar etməyiblər, onların dedikləri istiqamətə (oxu: özlərinə və ya kiməsə) vəsait ayrılmayacağını bildiklərindən yaxına buraxmayıblar. Bu həm də təkcə bizə aid deyil, 100-lərlə belə QHT var.
Bu günlərdə isə (konkret olaraq, noyabrın 26-da) Strasburqda Saxarovun adını daşıyan digər mükafatın təqdimatı keçirilib. Leyla Yunusun da namizəd olduğu Avropa Parlamentinin Saxarov adına “Fikir azadlığı” Mükafatı Konqo Demokratik Respublikasından olan həkim-ginekoloq Denis Mukveqe verilib. Mükafatı konqolu namizədə verən Avropa parlamentinin spikeri Martin Şults mərasimdəki çıxışında bu mükafata digər namizəd olan, amma ala bilməyın Azərbaycan vətəndaşı (bəli ANCAQ VƏTƏNDAŞ) Leyla Yunsun həbsindən danışıb və onun azad olunmaını istəyib. O, bildirib ki, Leyla Yunus Saxarov mükafatına namizəd idi. Çünki Azərbaycanda insan haqlarını böyük əzmlə müdafiə edir və bunun uğrunda vuruşur. Burda cənab Şultsun məntiqi itir. Birincisi, Leyla Yunusun hüquq müdafiəçisi olması özü hər zaman mübahisəli olub. Çünki onun siyahısında daim elə adamların adları yer alırdı ki, onlar birbaşa terroçuluq fəaliyyəti göstəriblər, yaxud digər cinayətlərdə adları hallanıb. İnsan hüquqları uğrunda mübarizə cinayətkarları müdafiə etmək deyil axı! Amma cənab Şultsun Azərbaycanla bağlı növbəti fikirləri məqamən dərinliyini göstərir. Guya ki, sədrlik etdiyi Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyinə nail ola bilməyib. Buna görə də Avropa Parlamenti üzvlərinə Azərbaycana getməyə imkan verilməməsini yolverilməz hesab edir və etirazını bildirir.
Amma rəsmi məlumatlar bunu təkzib edir. Xarici İşlər Nazirliyindən bildirilir ki, Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı müvafiq dövlət qurumlarına hər hansı rəsmi müraciət daxil olmayıb. Bəs onda Şults nədən danışır, özü də indi? Məncə, bunun bir neçə səbəbindən biri də mükafat arzusu həyata keçməyən Leyla Yunusun könlünü almaq cəhdidir. Avropa Parlamenti nümayəndə heyəti göndərmək istəsəydi və Azərbaycan hökuməti buna icazə verməsəydi, dərhal mətbuata məlumat ötürərdi. Heç olmasa, Xədicə İsmayıla deyərdilər. Demək, cənab Şultsun indiki bəyanatı həmişəki, ənənvi mövqeyinin davamı, bir az da “könül xoş etmək”dir. Təbii ki, növbəti ikili standartın görüntüsüdür.
Vərdişi unutmaq çətindir. Bir qaraçı dilənçini nə qədər təmin edirsən et, öz vərdişindən əl çəkməyəcək. İndi Leyla Yunus da, onun avropalı dostları da, elə Şults da vərdişlərindən əl çəkməyəcəklər.
Aktual.az



