Dövlət Departamenti: Ermənistan və Azərbaycan prezident Putinin dəvətinin onlar üçün faydalı olub-olmayacağına qərar verməlidir.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib:
“Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Nəhayət, Ermənistan və Azərbaycan prezident Putinin dəvətinin bu davamlı sülhə nail olmaq üçün faydalı olub-olmayacağına qərar verməlidir”, – deyə o, brifinqdə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərinin sırf təbliğat xarakteri daşıması ilə bağlı təkrar bəyanatlarını şərh edən Prays qeyd edib ki, Amerika tərəfi onların səylərini özünü reklam kimi xarakterizə etməyə etiraz edir.
“İllərdir davam edən zorakılığa və son nəticədə həm ermənilərin, həm də Azərbaycan vətəndaşlarının ölümünə səbəb olan münaqişələrə və eskalasiyaya son qoymaq istəyində özünü reklam edən heç nə yoxdur. Burada yeganə məqsədimiz bu ölkələrin hərtərəfli və davamlı sülh yolunda birgə işləməsini görmək və onlara kömək etmək və nəticədə insanların həyatını xilas etməkdir. Bilmirəm, bu, özünü reklam kimi qiymətləndirilə bilər”, – deyə o əlavə edib.
Yeganə Bayramova






