Venesuela prezidenti qaradərililərin ölmündən dəhşətə gəlib
“Reuters”in Karakasdan verdiyi xəbərdə deyilir ki, Venesuela prezidenti Nikolas Madoro bazar günü bəyan edib ki, Barak Obama Amerikanın ilk qaradərili prezidenti olduqdan sonra bu ölkədə qaradərililərə münasibət daha da pisləşib.
Bu günlərdə Venesuela prezidenti, Barak Obama tərəfindən ciddi tənqid olunmuşdu. Ağ Evin sahibi həmkarını siyasi rəqiblərinə qarşı dözümsüzlükdə ittiham etmişdi. Bu dəfə isə fürsətdən istifadə edən Nikolas Madoro ABŞ-da qaradərililərin öldürülməsindən qorxuya düşdüyünü bəyan edib.
“Bu dramatik hadisələrdi. Polis qaradəriliyə qarşı qəddar bir davranış sərgilədi. Elə bil ki, Barak Obamanın gəlişi ilə Amerikada irqçilik daha da şiddətlənib”, Venesuela prezidenti yerli TV-yə müsahibəsində deyib.
Hugo Çavesin xələfi daha sonra vurğulayıb: “Bunları söyləməli olduğuma görə üzr istəyirəm. Şəxsən mənim Barak Obamaya hörmətim var. Ancaq mən düşünürəm ki, o da Amerikada real gücə sahib mərkəzlərin əsiridir. Və o, həmin güclərlə mübarizə aparmaqdan çəkinir. O, yorulub, lap əldən düşüb”.
Agentlik qeyd edir ki, Hugo Chavez 1999-cu ildə Venesuelada iqtidara gəldi. Elə o vaxtdan da ABŞ-Venesuela münasibətləri dalana dirəndi. Prezident Obama Leopaldo Lopesin həbsinə etiraz edib. O, insanları etiraz aksiyasına qaldıra bilirdi. Digər müxalif siyasətçi Maria Korina Makado isə Venesuelada Nikolas Madoroya qarşı sui-qəsd hazırlamaqda ittiham olunur. Həmin şəxsin müdafiəsinə qalxanlar arasında cənab Obama da vardı.
OPEC üzvü olan Venesuelanın iqtisadiyyatı neftdən asılıdır. Dünyada ən böyük neft yataqlarına sahib olan bu ölkə bu il xaricə 12 milyard dollar borc ödəyib. Ancaq neftin qiymətinin kəskin şəkildə düşməsi Venesuelanı böhran həddinə çatdırıb.
Venesuela prezidenti Nikolas Madoro neftin qiymətlərinin kəskin enişinə görə dünya güclərini qınayıb və qeyd edib ki, bu güc mərkəzləri bəşəriyyət üçün Afrikada tüğyan edən Ebola virusundan daha təhlükəlidir.
Elbəyi Həsənli , musavat.com