Ermənistanda 2023-cü ildə müdafiə sektorunun xərcləri 2018-ci illə müqayisədə 113 faiz və ya 270 milyard dram artacaq, beləliklə, 2023-cü ilin müdafiə xərcləri 509 milyard dram və ya 1,2 milyard dollar təşkil edəcək.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Milli Məclisin komitələrində 2023-cü il büdcəsinin müzakirəsi zamanı bildirib.
“Biz orduda islahatlar prosesini öz üzərimizə götürmüşük, bir sıra qanunvericilik dəyişiklikləri artıq Milli Məclisə göndərilib. Ümid edirəm ki, yaxın vaxtlarda onlar qəbul olunacaq”,-deyə Baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, bütün bu prosesin məqsədi və mənası peşəkar orduya keçid və Ermənistanın müdafiə qabiliyyətinin artırılmasıdır:
“Vurğulamaq istərdim ki, müdafiə xərclərinin və islahatların əhəmiyyətli dərəcədə artması, bizim peşəkar orduya keçid məqsədimiz, Ermənistan hökumətinin qəbul etdiyi sülh gündəliyinə heç bir şəkildə zidd deyil. Ordu dövlətin ən mühüm qurumlarından biridir, qurulmalıdır, bizim problemimiz yüksək standartlara malik orduya sahib olmaqdır”.
Yeganə






