Erməni silahlı qüvvələrinin atəşkəsi intensiv şəkildə pozması nəticəsində evi yanan kənd sakininin onsuzda çətin olan şəraitini lap ağırlaşdırıb.
ANS TV-nin məlumatına görə, ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində evi yanan Yalçın Quliyevin ailəsi hazırda həyətyanı sahədəki yardımçı binada məskunlaşıb. İndi Quliyevlər ailəsi rayon rəsmilərindən və əlaqədar qurumlardan ediləcək yardımı gözləyir.
Yardımçı tikilinin qarşısı yağışdan qorunmaq üçün müşəmbə ilə tutulub. Hələlik yalnız qonşular ailə üçün yatacaq, elektrik qızdırıcısı və bir neçə lazımlı ləvazimat yardımı edib. Ev sahibinin anası Səmərqə Quliyeva deyir ki, bir neçə gün əvvəl oğlunun müalicəsi üçün bankdan kredit götürdüyü iki min manat də əşyalarla birlikdə yanıb. Ailənin hazırki maddi durumu evi yenidən bərpa etməyə imkan vermir.
Səmərqə Quliyevanın bir oğlu da birinci Qarabağ müharibəsi dövründə itkin düşüb. İki azyaşlı ilə birgə həyətyanı sahədəki bir otaqlı tikiliyə sığınan beş nəfərlik ailə rəsmi qurumlardan ediləcək yardıma ümid bəsliyir.
Goranboy rayon FHK-dan bildirdilər ki, zərərşəkmiş ailəyə müəyyən dərəcədə yardım etməyə çalışacaqlar.
Hazırda baş vermiş yanğnıla bağlı FHN-nin əməkdaşları tərəfindən araşdırma aparılır.



