İranda bir həftə əvvəl rəsmi dövlət qeydiyyatına alınmış İranlıların Səsi Partiyasının üç üzvü – Möhsün Beyglər Beygi, Cavid Fəxriyan və Sina Rəhimpur
tutulub.
Elch.az-ın “Media forum”a istinadən məlumatına görə, Ettelaat-ın Tehran şöbəsinin əməkdaşları hər üç şəxsi dekabrın 8-i axşam evlərində tutub. Mənzillərdə axtarış aparılıb, bir sıra şəxsi əşyalar götürülüb. Tutulanların hazırda harada saxlandığı, nədə günahlandırıldığı bilinmir.
İranlıların Səsi Partiyasının qurucularından biri ölkənin BMT-dəki keçmiş nümayəndəsi, Fransadakı keçmiş səfiri Sadıq Xərrazidir. Sadıq Xərrazi keçmiş prezident Məhəmməd Xatəminin yaxın adamlarından biri, eyni zamanda ölkənin ali lideri ayətullah Seyid Əli Xamneyinin qohumudur. Sadıq Xərrazinin bacısı Seyid Əli Xamneyinin gəlinidir.
İslahatçı Müşarikət Cəbhəsinin üzvü olmuş bir sıra şəxslər, eləcə də 2009-cu ilin prezident seçkisi dövründə əsas namizədlərdən olmuş Mirhüseyn Musəvinin bəzi tərəfdarları İranlıların Səsi Partiyasının yaradılmasında iştirak edib.



