Virtualaz.org saytının Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının bank fəaliyyətinin təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib.
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəsisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Virtualaz.org saytı xatırladır ki, Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi 2013-cü ilin noyabrında Azərbaycana səfir göndərilib. O, Azərbaycandan əvvəl öz ölkəsinin Argentinadakı səfiri olub.




