Neftin qiymətinin ardından aviabiletlərin də qiymətləri ucuzlaşacaq. Lakin bu proses sürətlə baş verməyəcək.Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumatda deyilir. IATA-nın hesablamalarına görə, aviaşirkətlər bu il sərnişin reysləri üçün yanacağa tətbiq edilən əlavə rüsumu orta hesabla 5%, yük üçün 5,8% azaldacaq. Bu isə daşınmaların həcminin artmasına təkan verəcək. Assosiasiya aviaşirkətlərin 2014-cü il üçün gəlirləri üzrə proqnozunu 18 mlrd. dollardan 20 mlrd. dollara yüksəldib.
Neftin ucuzlaşması səbəbindən gələn il üçün aviaşirkətlərin gəlirləri üzrə proqnoz 25 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır. Aviabiletlərin ucuzlaşıb-ucuzlaşmayacağına “Azərbaycan Hava Yolları” QSC də münasibət açıqlayıb. Dövlət Konserninin Mətbuat katibliyinin rəisi Məhərrəm Səfərli bildirib ki, hazırda bu məsələ nəzərdən keçirilmir (APA).



