VİDA SÖZÜ

11 dekabr 2014-cü il. Səhər saatlarında rayonumuza ildırım sürəti ilə qara xəbər yayıldı… Doğrusu, xəbərə inanmaq istəmirdik. Eşitdiyimiz ağır, tüküprədici xəbər düz idi. Biləsuvar rayonun pedoqoji ictimaiyyətinə ağır itki üz vermişdi. Uzun illərdən bəri təhsil sahəsində fəaliyyət göstərən, pedoqoji işin kamil təşkilatçısı, nümunəvi ailə başçısı Ağayrı kənd tam orta məktəbin direktoru Alış Teymur oğlu İbayev əbədiyyətə qovuşmuşdu. Pedoqoji kollektiv üçün böyük itki idi, bəli, böyük itki. Ürəklər tab gətirməyəcək qədər. Haqq ədalət axtarırdı hər kəlməsində, hər sözündə. Kimsəyə əyilməyən, qaməti kimi düz, sözü keçərli, kəsərli Alış müəllim!
Artıq geridə qalmış o illər saçlarına dən salsa da, adına xal salmadı. Həmişə hər yerdə adını qorumağa çalışırdı. Heç kəsə sirr verməzdi. Olduqca qapalı insan idi. Ona işi düşən insanların heç birinə “yox” deməzdi.
Bu gün sənin qarşında son borcumuzu yerinə yetirmək məcburiyyətindəyik. Haqqında yazmaq…
Bu gün səni son mənzilə yola salmaq üçün yığışmışıq. Bizim üçün inanılmazdır. Lakin… Səni yola salmağa qohum-qonşu, dost, tanışdan başqa həmkarların, ictimaiyyətin nümayəndələri də gəlmişdilər. Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, müdir müavini Əlisəfa Qəmbərov, Respublikanın Əməkdar müəllimi Firudin Hüseynov məzarın üstündə nitq də söylədilər. Rayonun çoxsaylı ziyalı ordusu adından ailənə, yaxınlarına, doğmalarına ulu Tanrıdan səbr dilədilər: “Alış müəllim canlı arxiv idi. Hər birimizin məsləhət yeri idi. Onun kimi işgüzar, dəqiq, hər bir xırda işə belə diqqət yetirən, kollektivinə, böyüyən gənc nəslə doğma, isti münasibət göstərmək hər kəsə xas keyfiyyətlər deyil. Laqeydlik ona yad idi. Kasıb, imkansız insanlara yol göstərərdi. Qarşısına düşüb qapılar döyərdi. Bu, onun amalı idi. Həyat amalı. Yeri daim görünəcək. Özünəməxsus iz qoyub getdi Alış müəllim. Allah rəhmət eləsin!..”
Bəli, hər gün öz işinə məsuliyyətlə yanaşan, peşəkar müəllim məktəb direktoru Alış İbayevi amansız ölüm sıralarımızdan apardı. Yarımçıq, yarı yolda qoydu arzularını. Bizləri birdəfəlik tərk etdi. Belə yerdə deyiblər:
Aşıq ellər ayrısı,
Şana tellər ayrısı.
Bir gününə dözmədik,
Olduq illər ayrısı.
Ailən üçün, qardaşların üçün, cəmiyyətimiz üçün yetişdirdiyiniz üç təhsilli ziyalı oğlunuz Rüfət, Rəsul, Nemət, xoşbəxt ailə həyatı qurub Azərbaycanımızdan uzaqda yaşayan qızlarınız, daha kimlər, kimlər üçün illər ayrısı…
Alış müəllimin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!
“Region-Press” qəzetinə müsahibə alarkən bu bizim onunla həmin gün son görüşümüz oldu. Son görüşümüz… Sanki bu müsahibəsi ilə bizimlə vidalaşırdı… Həmin müsahibəni sizlərə də təqdim edirik…
Müsahibimizin keçdiyi ömür yolu haqqında qısa bir arayışa nəzər salaq:
Alış Teymur oğlu İbayev 1949-cu ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. Ağayrı kənd orta məktəbini (1955-1966) bitirdikdən sonra elə həmin il ADPU-nun “Azərbaycan dili və ədəbiyyatı” fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. İlk pedoqoji fəaliyyətinə 1967-ci ildən rayonun Günəşli kəndindən başlamşdır. 1970-1972-ci illərdə sovet ordu sıralarında hərbi xidmətini çəkdikdən sonra fəaliyyətini Günəşli kəndində davam etdirmişdir. Qısa müddətdə rayon Pedaqoji Şurasının rəğbətini qazandığı üçün çalışdığı Günəşli kənd orta məktəbin direktoru vəzifəsinə irəli çəkilir. 1979-cu ildən 2004-cü ilədək isə doğma kəndi İsmətlidə məktəb direktoru kimi fəaliyyət göstərmişdir.
2004-cü ildən bu günə kimi şəhid V.Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində direktorluq fəaliyyətini davam etdirir.
– Alış müəllim, məktəbinizdəki ümumi vəziyyətlə tanış olmaq istərdik…
– Məktəbimizdə olan 241 nəfər şagirdin məktəbə davamiyyəti qənaətbəxşdir. Demək olar ki, təhsildən yayınan şagirdimiz yoxdur. Şagirdlərimizdən 50 faizdən çoxu əla qiymətlərlə oxuyur. Birinci yarımilliyin yekunlarına görə məktəbimizin bütün sahələrdə göstərdiyi müvəffəqiyyət 98 faizdən yuxarı olmuşdur. 2014-cü il təhsil sahəsində, bizim məktəb üçün uğurlu bir ili olmuşdur. Cari ilki məzunlarımızdan 12 nəfəri yüksək bal toplayaraq, respublikamızın nüfuzlu ali təhsil ocaqlarına daxil olmuşlar.
– Pedoqoji tədrisin daha da yönümlü olması üçün hansı amillərin vacib olmasına üstünlük verirsiz?
– Təbii ki, təhsilin yönümlü olması üçün, əlbəttə ki, bir çox amillər mövcuddur. Məsələn: müntəzəm olaraq valideynlərlə pedoqoji kollektivin görüşlərinin keçirilməsi, ədəbi diskussiyaların təşkili, maddi-kütləvi tədbirlərin keçirilməsi və bu kimi başqa amillər. Ancaq bütün bunlara baxmayaraq, mənə gəldikdə, şəxsən mən təcrübəli mütəxəssis kimi, iki amili əsas götürərdim:
Birincisi; Hər hansı bir elmi tədris etmək üçün, təkcə güclü pedaqoq olmaq kifayət deyil. Yaxşı pedaqoq, həm də yaxşı təbliğatçı olmalıdır. Yəni tədris etdiyi elm sahəsinin hər bir şagird üçün nə dərəcədə önəmli olduğunu başa salmalı və tədris etdiyi fənni ayrı-ayrılıqda şagirdə sevdirməyi bacarmalıdır.
İkincisi; Şagird həssas, dözümlü və səbirli olmalıdır. Ən azından tədris müəllimini diqqətlə dinləməyi bacarmalıdır. Məhz belə bir müştərək şəkildə elmi tərəqqiyə nail olmaq olar. Bu baxımdan, elmi tədris sahəsində qeyd etdiyim hər iki amili ən başlıca şərt kimi qəbul edirəm.
– Təbii ki, hər bir şagirdin gələcək həyatının formalaşması məktəbdə aldığı təhsildən çox aslıdır…
– Belə deyirlər ki, hər bir şagirdin həyata atdığı ilk addım məktəbdən başlayır. Şagird təhsil aldığı illərdə, həm də öz həyatını formalaşdırır. Təbii ki, təcrübəli pedoqoq olmaqla, mən də, illər uzunu isbatını təsdiq etmiş bu fikirlərlə razıyam. Ancaq bir ailə başçısı kimi də bu fikirlərə bir qədər əlavə etmək istərdim.
Əvvəla hər bir insan ömrünün əvvəlindən sonuna qədər özünü həyata kökləmək uğrunda mübarizə aparır və elə həyatın mənası da bundadır. Məktəbə gəldikdə isə, mən öncə qeyd etmək istərdim ki, ən əsası, məktəb şagirdinin həyat üçün formalaşması müəllim və şagird arasında yaranmış təmasdan, atmosferadan çox aslıdır. Çünki, hər bir şagird müəllimin tədris etdiyi fənni öyrənməyə cəhd etdiyi kimi ən çox özünü müəllimin xarakteri ilə uzlaşdırmağa çalışır. Hətta çoxları xüsusiyyətlərinə görə həyatda da öz müəlliminə oxşamağa çalışır, bəzən öz sevimli müəllimini həyatda özü üçün ideal da hesab edir. Mən bu ifadələri əlbəttə ki, öz təcrübəmdən deyirəm, çünki bu gün də yaşadığım o çətin zamanlarda, fədakarlıqla mənə dərs deyən orta məktəb müəllimlərimi özüm üçün ideal hesab emişəm.
Məhz elə bu günün müəlliminin də sinif otağında yaratdığı gözəl atmosfer, şagirdlərlə qurduğu elmi təmas, onun şagird üçün bir ideala çevrilməsi səviyyəsində xarakterizə olunmalıdır. Əlbəttə ki, bu hər bir müəllimə müyəssər ola bilməz. Bunun üçün hər bir pedoqoqdan böyük zəhmət tələb olunur. Yəni, sinif otağına daxil olmazdan qabaq, artıq müəllimin tədris etdiyi fənnə hazır olduğu kimi, şagirdlərlə quracağı elmi təmas haqqında da düşünməlidir. Bu düşüncə ilə çalışan pedaqoqlarımızdan- Əlifağa Abbasov, Cavad Səlimov, Şərqiyyə Qurbanova, İlqar Abdullayev və Fərid Qafarov kimi müəllimlərimizin adlarını xüsusi qeyd etmək yerinə düşər.
…Beləcə ağsaqqal pedaqoqla söhbət etdikcə özünü bir sirli aləmdə hiss edirsən. Ancaq yeni dərs saatının başlanması üçün çalınan zəng bizim söhbətimizi yarımçıq qoydu. Bu arada oxucularımıza söz verirəm ki, bu mövzuya nə vaxtsa yenə də qayıdacağıq.
PS. Bəli, əziz oxucular, bu mövzuya qayıdacağıq… Çünki bu günə kimi yüzlərlə yetirməsi olan Alış müəllimin örnək həyat yolu haqqında hələ çoxlu xatirələr qələmə alınacaq.
Samir QURBANOV
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...



