Azərbaycanın ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsil müəssisələrində “Çağırışaqədərki hazırlıq” fənninin tədrisinin keyfiyyətinin artırılması istiqamətində
işlər aparılır.
Bunu APA-ya açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini (SHXÇDX) rəisinin birinci müavini, polkovnik Zaur Abdullayev deyib.
Z. Abdullayevin sözlərinə görə, bu istiqamətdə Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə təsdiq olunmuş plana əsasən işlərə başlanıb. Çağırışaqədərki hazırlıq üzrə rəhbərlərlə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən metodik toplantılar keçirilir, fənnin ciddi tədris olunmasına nəzarət olunur. Fənnin tədrisi çərçivəsində gənclərin hərbi hissələrə səfərlərinə xüsusi diqqət yetirilir, onlarda hərbçilərin sosial-məişət şəraiti haqqında əyani təsəvvür formalaşdırılır və praktiki vərdişlərə yiyələnməsinə imkan yaradılır.
“Yaradıldığı gündən Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşısında qoyulan bir nömrəli vəzifə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsidir. Xidmət bu mühüm tapşırığı uğurla yerinə yetirməkdədir. Çağırışaqədərki hazırlıq istiqamətində işlərin təkmilləşdirilməsi daimi xarakter daşıyır və müasir texnologiyalardan istifadə, yeni metodların tətbiqi zəruri məsələ kimi qarşıda dayanır”, – deyə Z. Abdullayev bildirib.
Xidmət rəsmisi təhsil müəssisələrində hərbi hazırlıq dərslərinin keyfiyyətinin artırılması, bütün məktəblərdə hərbi hazırlıq siniflərinin yaradılması, təhsil müəssisələri üçün ibtidai hərbi hazırlıq və hərbi-vətənpərvərliyə aid normativ sənədlərin, tədris planlarının hazırlanması, onların texniki, tədris və əyani vasitələrlə təmin olunmasının nəzərdə tutulduğunu da qeyd edib.



