Akif Nağı: “Bu təşkilatdan heç vaxt obyektiv mövqe görməmişik”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXC) ünvanına ciddi ittihamlar səsləndirib. BQXK-nin casusluq yuvasi adlandıran A.Nağı, təşkilatın Azərbaycanla bağlı obyektiv mövqe ortaya qoymadığını, erməni yalanlarını ifşa edən həqiqətləri dilə gətirmədiyini bildirib:
“4 il Azərbaycanda yaşayan və yaxın günlərdə Ermənistana qaytarılan 5 nəfərdən ibarət erməni Gevorkyan ailəsi ölkəmizlə bağlı uydurma ittihamlarla çıxış edib. Bildiriblər ki, guya Azərbaycanda qaldıqları müddətdə onlara hansısa işgəncələr verilib, təzyiqlərə məruz qalıblar.Azərbaycan əsirlərlə beynəlxalq hüquq normalarına uyğun şəkildə davranır. Amma bunun müqabilində ermənilərə əsir düşən azərbaycanlıların başına hansı oyunlar açırlar – bax bunu dünyanın diqqətinə çatdırmalıyıq. Bizdə video materiallar var, hansı ki, o materiallar erməni əsirlərin necə yaşadığını əks etdirir. Azərbaycanda Qırmızı Xaç Komitəsi mövcuddur. Bu təşkilat casusluq yuvasıdır. Həmin ailə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti altında olub. İndi bu komitə qabağa çıxsın və əsl həqiqəti danışsın. Çünki erməniləin yediyi yeməyə, içdiyi suya onlar nəzarət edib. Harda necə yaşaması onlara yaxşı məlumdur. Çox təəssüf olsun ki, biz bu təşkilatdan heç vaxt belə obyektiv mövqe görməmişik”.
Seymur Əliyev



