Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü olaraq iştirak edən qeyrətli Vətən oğullarından biri də
hamının General Əli bəy adıyla tanıdığı Əlövsət Qasımovdur. Əlövsət bəy əslən Qərbi Azərbaycanın Vedi rayonundandır. Ermənistanın terrorçu dəstələrinin törətdikləri vəhşiliklər sayəsində doğmaları ilə birgə o, 1988-ci ilin soyuq qış günlərində Vedidəki ev-eşiyindən didərgin düşüb. Uzun müddət Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıb. Həmin kənddə Mədəniyyət evinin direktoru olub. 1989-cu ildən 1995-ci ilədək ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak edib.Vətən müharibəsi veteranıdır.
Əlövsət müəllim, 2007-ci il mayın 27-də “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıdılması” ictimai birliyini yaradıb və onun sədridir.
Ötən 7 il müddətində müxtəlif səpgili tədbirlər, sərgilər keçirən Ə.Qasımov, Bakının Nəsimi rayonu ərazisində, 20 Yanvar küçəsində 18 saylı binanın girişində rəhbərlik etdiyi Birliyin ofisini açıb, Şəhidlər muzeyini yaradıb.
Dekabrın 20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Azərbaycan Ordusunun sabiq tabor komandiri, sabiq prokuror Əli Eyvazov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu və “Dadaşoğlu” məsləhətxanasının və eyni adlı Tədris mərkəzinin əməkdaşları, habelə, tələbə-gənclər və şəhid ailəsinin üzvləri Şəhidlər muzeyində oldular.
Əlövsət müəllim qonaqları salamladı.Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ə.Qasımov qeyd etdi ki, 1989-95-ci illərdə qanlı savaş meydanlarında çox əzab-əziyyət çəkib, 1017 silahı aidiyyəti dövlət orqanlarına, onlarla şəhidin meyitini isə doğmalarına təqdim edib.
Əlövsət müəllim, Binə aereportuna gedən yolda, öz adına məxsus sahədə iki mərtəbəli bina tikdirdiyini, həmin binanı Şəhidlər muzeyinə çevirəcəyini bildirdi və muzeyin maketini tədbir iştirakçılarına göstərdi.
General-mayor H.Əlixanov, 1996-cı ildən dostluq etdiyi Ə.Qasımovun Azərbaycana və Dövlətimizə sədaqətindən danışdı. Qeyd etdi ki,həqqiqətən də, Əlövsət Qasımov Milli Qəhrəman adını almağa çoxdan layiqdir.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, sabiq prokuror Əli Eyvazov, “Dadaşoğlu” Hüquq Məsləhətxanasının müdiri Güləli Bağırov, eyni adlı Tədris mərkəzinin kurs müdiri Vüsalə xanım Şükürova, müəllimə İlahə Hümbətova, “Qarabağ Həqiqətlərinin Tanıdılması”ictimai birliyinin üzvü Akif Xəlilov, şəhidin ömür-gün yoldaşı Qələmnaz Əhmədova və başqaları çıxış edərək, milli vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin keyfiyyətinin artırılmasının önəmini qeyd etdilər.
Sonda xatirə şəkli çəkildi.
Şamilə ŞAMİLQIZI,
“Ana harayı”qəzeti





