“Azərbaycanlı sərnişinlərin olduğu təyyarənin İrəvanda məcbur eniş etməsi AZAL-ın günahı deyil. Bu hadisənin bizimlə əlaqələndirilməsi gülüncdür”.Bunu ANS PRESS-ə açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. O bildirib ki, AZAL-ın həyata keçirdiyi reyislərin baha olması ilə bağlı iddialar əsassızdır.
AZAL rəsmisi Yeni İl ərəfəsində bilet tapılmadığı və təyyarələrdə yerlərin məhdud olduğu ilə bağlı yayılan söz-söhbətin də yalan olduğunu vurğulayıb.
* * * 13:25
“Kiyev – Tiflis reysini həyata keçirən təyyarədə olan 25 azərbaycanlının əksəriyyəti tələbə olub”.
Bunu ANS PRESS-ə açıqlamasında Ukraynadakı Azərbaycan diasporasının sədri Hikmət Cavadov deyib.
O bildirib ki, İrəvanda məcburi eniş edən Ukrayna Hava Yollarına məxsus təyyarədə həmçinin diaspora nümayəndəsi də olub.
Hikmət Cavadov qeyd edib ki, Yeni İl ərəfəsi olduğu üçün azərbaycanlı tələbələr Azərbaycana getməyə başlayıb: “Tələbələr Yeni İli Azərbaycanda keçirmək üçün Ukraynanı tərk edərək vətənə qayıdırlar. AZAL-da qiymətlərin baha olması və bilet tapmaq çətinliyi yarandığı üçün tələbələr Kiyev – Tiflis reysindən istifadə edirlər. 25 həmyerlimiz İrəvan aeroportunda bir müddət gözləməli olub və daha sonra ucuş həyata keçirilib”.
Qeyd edək ki, ötən gün Ukrayna Hava Yollarına məxsus Kiyev – Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub.



