İcra hakimiyyəti məsələyə aydınlıq gətirdi
Azərbaycanın “qırmızı” tarixinin ən qalmaqallı simalarından sayılan Ayna Sultanovanın abidəsi təmirdən sonra yerinə qayıdır. Milli.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova Ayna Sultanova parkının taleyinə aydınlıq gətirib: “Ayna Sultanovanın abidəsi üçün həqiqi narahatlıq keçirən media mənsubları və sakinlərimiz buyurub tanış ola bilərlər. Səmimi narahat olmayanlar da”.
A.Sultanova ictimai-siyasi xadim, Azərbaycan SSR-in maarif üzrə xalq komissarı, Azərbaycan tarixinin ilk qadın kabinet naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olub. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda sovet hakimiyyəti qurmaq olub.
Virtualaz.org xatırladır ki, o, həmçinin Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.
A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.
Virtualaz.org onu da xatırladır ki, abidə götürüləndən sonra A.Sultanovanın nəvəsi Nail Əbdürrəhmanov sayt vasitəsilə Sultanovlar ailəsi adından prezident İlham Əliyevə açıq məktub ünvanlamışdı. Həmin məktubda yazılanları bir daha oxucuların nəzərinə çatdırırıq: “Bizə xəbər çatıb ki, Ayna Sultanovanın abidəsini sökməyə hazırlaşırlar. Bildiyimiz qədərincə abidəni onun yerində restoran tikmək üçün sökürlər. Bu qəfil hadisə öz vətəninin tarixi irsinə biganə olmayan mənim kimi insanların ürəyini ağrıtmaya bilməz. Həmin abidə orada 1986-cı ildə qoyulub. Nə sadə bir ziyalı olan anam, nə də mən bundan, ümumiyyətlə, Ayna Sultanovanın adından istifadə edərək hər hansı üstünlük, imtiyaz əldə etməyə çalışmamışıq.
Ayna Sultanovanın nəvəsi kimi bu məktubu yazmaqda məqsədim çox hörmətli prezident İlham Əliyevə həm də bir patriot vətəndaş olaraq müraciət etməkdir. Ölkəmizin milli tarixi irsi mənə çox əzizdir. Ayna Sultanova təkcə Azərbaycanın yox, ümumən bütün müsəlman Şərqinin ilk qadın naziri, tanınmış ictimai-siyasi xadimi, o dövrün fenomenlərindən biri olub. Bu məktubda onun fəaliyyətini tam təhlil etməyə ehtiyac yoxdur. Bununla tarixçilər məşğul olmalıdır. Yalnız bir faktı deyim ki, mənim bildiyim qədər Ayna Sultanova bütün dünyada Ali Məhkəmə sədri olmuş ilk qadındır.
Onu da əlavə edim ki, bütün bunlarla yanaşı, Ayna Sultanova Azərbaycanın böyük mədəniyyət və incəsənət xadimi, görkəmli bəstəkarımız Tofiq Quliyevin doğma xalasıdır. İnsani baxımdan çox əhəmiyyətli olan bir faktı da vurğulamaq istərdim ki, 1938-ci ildə “xalq düşməni” kimi güllələnən Ayna Sultanovanın məzarı da yoxdur, onun dəfn olunduğu yer məlum deyil. Buna görə də onun abidəsi qohumlarından, doğmalarından ötrü yeganə təsəlli ünvanı sayılır. Bu məktubu yazmaqla ümid edirəm ki, Azərbaycanın çox hörmətli prezidenti İlham Əliyev həyata keçirilməsinə hazırlıq görülən bu vandalizm aktının qarşısını alacaq. Habelə cəmiyyətimizin mədəni təbəqəsi abidənin sökülməsi cəhdinə öz etirazını bildirəcək.
Hörmətlə: Ayna Sultanovanın nəvəsi Nail Namiq oğlu Əbdürrəhmanov və Sultanovlar ailəsinin digər üzvləri”.
Hər halda, illərdir sözügedən məkan A.Sultanovanın adı ilə bağlıdır. Hamı Gənclik-8-ci mikrorayon ərazisindəki parka “Ayna parkı” deyir. Ekspertlər isə hesab edir ki, hətta abidə götürülsə də, həmin məkan o qadının adı ilə tanınacaq. Necə ki, insanlar hələ də “Əzizbəyov heykəli”, “Nərimanov heykəli”… ifadələrini leksikondan çıxarmayıblar.
“Yeni Müsavat” isə oxuculara Ayna Sultanovanın kimliyi ilə bağlı bəzi detalları xatırladır. Onun rəsmi bioqrafiyasında belə yazılıb: “Ayna Sultanova 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləməyə məcbur olmuşdur”.
Vikipediyada daha sonra yazılır: “Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet dövləti qurmaq uğrunda çalışmışlar”.