Elchi.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ali məktəblər arasında “Bir-birimizi tanıyaq!” layihəsi
çərçivəsində “Lö moman dö le vi” (həyatın anları) adlı fotosərgi təşkil olunub. Bu layihə ADMİU və Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü nəticəsində reallaşıb. Layihə çərçivəsində ilk fotorsərgisi nümayiş olunan müəllif isə ADMİU-nu təmsil edən Calal Kəngərlidir. Sərgidə müəllifin 50 fotoşəkli nümaiş olunub. Biri birindən maraqlı, baxımlı fotolarında müəllif insan həyatının ecazkar anlarını əks etdirib. ADMİU-nun müəllim, tələbə heyətinin və ADMİU TGT-nın nümayəndə heyətinin də iştirak etdiyi sərgidə rektor, professor Fərəh Əliyeva, professorlar Məryəm Əlizadə, Gülşən Əliyeva-Kəngərli çıxış edərək, bu layihənin əhəmiyyətindən, ali məktəblər arasında əlaqələrin daha da güclənməsindən və sərgidən söz açıb, müəllifi təbrik edərək ona uğurlar arzulayıblar. Sərgidə xalq artistləri Tofiq İsmayılov, Azər Zeynalov, əməkdar incəsənət xadimi, rejissor Yalçın Əfəndiyev, əməkdar artist Ötkəm İsgəndərov, Məmmədsəfa Qasımov, professor Aqşin Babayev, professor Nizaməddin Şəmsizadə, dramaturq Əli Əmirli və başqa qonaqlar iştirak etmişdir.
Sonda gənc fotoqraf Calal Kəngərli çıxış edərək, ADMİU-nun rektoru Fərəh Əliyevaya və iştirakçılara öz təşəkkürünü bildirib.
Elchi.az




