Ermənistan baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar Türkiyəyə 30-a yaxın xilasedici dəstə göndərib.
“Ermənistanın Spitak şəhərində zəlzələ olan zaman Azərbaycan təyyarə ilə onlara yardım göndərmişdi ki, xilasetmə əməliyyatında iştirak edək. Bizim təyyarəmiz qəzaya uğramışdı. Bunu hər bir ölkə edir. Ancaq mən inanmıram ki, Paşinyanın türk sevgisi var və zəlzələ qurbanlarına ürəkləri yandığı üçün kömək edir”- bu sözləri elchi.az saytına açıqlamasında Millət Vəkili Razi Nurullayev deyib.
Deputat bu addımın Ermənistan xalqının humanist xalq olduğunu göstərmək üçün atdığını vurğulayıb.
“Bundan əlavə həm də münasibətləri yaxşılaşdırmaq üçün atılmış addımdır”.
O həmçinin qeyd edir :”Təəssüf ki, Ermənistanın əsl simasını hakimiyyətdən əlavə onun xalqı da göstərir. Ermənistan əhalisi kütləvi olaraq uşaqlı-böyüklü nifrət püskürür. Onlar sevinir, bayram edirlər ki, Türkiyədə zəlzələ olub. Sevinirlər ki, dağıntılar altında uşaqlar, qocalar bu soyuqda donub ölürlər. Deyirlər ki, Azərbaycan da, Türkiyə də buna layiqdir. Bu artıq faşizmdir. Bu insanlıqdan kənar hərəkətdir. Məsələn, mən azərbaycanlı olaraq bu cür düşünməzdim. Nə qədər pis düşmən olursa olsun mənim ürəyim yol verməzdi deyim ki, o uçqunların altında qalan körpələr, qadınlar, qocalar buna layiqdirlər. Bunu ürəyimə gətirməyə belə qorxaram, Allahdan qorxaram. Ancaq, təəssüflər olsun ki, onlar faşist kimi danışır. Hər kim deyirsə ki, zəlzələdə ölənlər bunu haqq edib, onlar şeytandan da pisdirlər. Onlar Allaha qarşı çıxan insanlardır. Onların faşistlərdən heç bir fərqi yoxdur.
Türkiyənin Ermənistanın yardımını qəbul etməsi Ermənistanın özünə faydalıdır. Ermənistanın göndərdiyi bir təyyarə yardım və 20-30 xilasedici olmasa da dünya dağılmaz. Kömək göndərənlər dostluğunu göstərir, qəbul edən ölkə də, uzadılmış dostluq əlini qəbul edir. Türkiyə Ermənistanın köməyini qəbul edərək yardım jestinə xoş məramla yanaşıb ki, bu da sonrakı münasibətlərin yaxşılaşmasında rol oynaya bilər”.
Havar Şəfiyeva






