“Hər gün saatlarla tıxacda qalırıq. Bir nəfər belə gəlib, baxmır. Belə şey olar?” – bu sözləri musavat.com-a Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin sakinləri deyirlər.Sakinlərin sözlərinə görə, hər gün saat 17:00 – 20:00 radələrində və səhər saatlarında qəsəbədən çıxmaq mümkün deyil: “Tıxac əsasən dörd istiqamətli yol ayrıcı olan hissədə olur. Həmin yol ayırıcında işıqfor olsa da, buna əməl edən yoxdur. Aləm qarışır bir-birinə. Bu, uzun zamandır ki, belədir. Bir nəfər polis əməkdaşı belə yoxdur ki, gəlib, yolu nizamlasın. Marşrut sürücüləri tıxacda qalmaqdan bezib, özləri polisin işini görürlər. Əlləri ilə maşınların hərəkətini nizamlayırlar.
Əvvəllər belə deyildi. Burada tıxac olmurdu. Tıxacın yaranma səbəbi, maşınların hərəkətinin artmasıdır. “Sədərək” ticarət mərkəzinə gedənlər və oradan qayıdanların hamısı bu yoldan istifadə edirlər. Üstəlik ağır tonnajlı yük avtomobilləri də bu yoldan keçirlər. Bu da tıxaclara səbəb olur”.
Hər gün bu yoldan istifadə edən 77 nömrəli marşrut avtobuslarının sürücüləri də etiraz edirlər: “Bezmişik. Hər gün 10 dəqiqəlik yolu 2 saata gedirik. Sərnişinlər işlərinə, evlərinə gecikirlər. Sərnişinlərin bəziləri düşüb, piyada gedirlər. Gedəcəkləri ünvana çatmadıqları üçün pul da vermirlər. Bu, bizə hər tərəfli zərərdir. Aidiyyatı qurumlardan xahiş edirik ki, bu məsələdə bizə yardımçı olsunlar”.
Qəsəbə sakinlərinin dediklərinə görə, tıxaclara əsas səbəb, “Sədərək” ticarət mərkəzidir: “Çünki tıxaclar əsasən 17:00-20:00 radələri arasında baş verir. Hansı ki, bu saatlarda camaat evinə gəlir. “Sədərək”də işləyənlər də evlərinə gedirlər. Ona görə də, tıxac olur. Üstəlik sürücülər də normal maşın idarə etmirlər. Bir-birilərinə yol vermirlər, tərs yola çıxırlar. Bunlar da tıxacın uzanmasına şərait yaradır”.



