“Rusiyanın Qarabağda mövcud olması reallığının Qarabağ ermənilərinin təhlükəsizliyinin qorunması məqsədi güdməsi heç bir məntiqə sığmır. Məsələ ondadır ki, Azərbaycan istəsə belə, Qarabağ ermənilərinə zərər vura bilməz, hansı ki belə bir fikri də yoxdur”.
Bu fikirləri Elchi.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Onun sözlərinə görə, təsəvvür etmək belə çətin deyildir ki, ekoloji terrora son qoymaq üçün piket keçirməklə adicə bir yolu bağlamaqda günahlandırıb, Azərbaycan əleyhinə hansı oyunlardan çıxan qüvvələr ermənilərin təhlükəsizliyinə real təhlükə olsa idi nə edərdilər:
“Bir sözlə Azərbaycan istəsə belə bunu edə bilməzdi.
İndi Rusiyanın özünü zorla Qarabağa soxub, özünə burda sülhməramlı vəzifə kəşf etməsinə heç bir ehtiyac yoxdur. Rusiyasız da Qarabağda heç kim heç kimə nəsə edən deyil. Azərbaycan əksinə özü bu işin öhdəsindən danışıqlar yolu ilə hamıdan yaxşı gələr. Əsas məsələ Qarabağdakı ara qatanları ordan rədd etməkdir. Ermənilər birdəfəlik başa düşüblər ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və heç bir amil bunu dəyişə bilməyib, bilməyəcək də. Azərbaycanın daxilində yaşayıb, Azərbaycana qarşı dayanmaq onlara heç nə vəd etmir. Gərginlik onların əleyhinə işləyir. Rusiya istəməsə belə vaxtı çatanda Qarabağdan çıxmağa məcbur olacaq. Əks halda Azərbaycanı da öz düşmənlərinin siyahısına yazacaq”.
Yeganə




