Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ümumi seçkilərlə bağlı bütün variantları nəzərdən keçirir, lakin zəlzələlər fonunda onları təxirə salmaqdan imtina edir. Elchi.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyası və mayın 14-də seçkilərin keçirilməsi ilə bağlı heç bir narahatçılığı yoxdur. “YSK bu məsələlərlə bağlı fikir ayrılığının qarşısını almaq üçün zəlzələ bölgəsindən köçənlərin və ya zəlzələ bölgəsində qalanların səs verəcəyi yerlərdə səsvermə üzərində işləyəcək”, – deyə nəşr yazır.
Bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, baş nazirin keçmiş müavini Bülənt Arınç may ayına təyin edilmiş ümumi seçkilərin dərhal təxirə salınmasına çağırıb. Onun fikrincə, dağıdıcı zəlzələlər fonunda “ölkə seçkiqabağı stressdən qurtulmalıdır”. O, vəziyyəti həll etmək üçün üç variant təklif edib. birincisi parlament və prezident seçkilərinin, eləcə də 2024-cü ildə yerli administrasiyalara seçkilərin birləşdirilməsini nəzərdə tutur. İkinci mümkün ssenari prezident və parlament seçkilərinin təxirə salınması və 2023-cü ilin noyabrında keçirilməsidir. Əgər iki fikir razılaşdırılmazsa, Arınç siyasi partiyaların razılaşdırılacaq başqa bir tarixdə razılığa gəlməsini təklif edib.
Havar Şəfiyeva




