Bu gün – dekabrın 30-da günün ikinci yarısında İonik dənizi sularında üzən sərnişin gəmisinə silahlı basqın olub.Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, sərnişin gəmisi SOS siqnalı verib.
İlkin məlumata görə, gəminin göyərtəsində 700-dən çox qeyri-leqal miqrant var. SOS siqnalı gəmi Yunanıstanın Korfu adası yaxınlığında üzərkən quruya göndərilib.
Ekipaj bu ekstremal addıma gəminin göyərtəsinə silahlı adamların qalxmasına görə əl atıb.
Yunan televiziyaları gəminin silahlı qrup tərəfindən ələ keçirildiyini bildirir. SOS siqnalı göndərən gəminin köməyinə iki gün əvvəl həmin rayonda qəzaya uğrayan “Norman Atlantic” gəmisininin sərnişinlərinin xilas edilməsi əməliyyatında iştirak edən hərbi gəmi və vertolyotlar göndərilib.
Təsdiqlənməmiş məlumata görə, SOS siqnalı verən gəmi “Blue Sky M”dir və Moldova bayrağı altında üzür.
Gəminin tipi barədə xəbər verilmir. Hazırda Korfu adası yaxınlığında hava şəraiti pisdir və qasırğalıdır.
Xatırladaq ki, dekabrın 28-də Korfu adası yaxınlığında Yunanıstandan İtaliyaya üzən “Norman Atlantic” sərnişin gəmisində yanğın baş verib və yüzlərlə sərnişin evakuasiya edilib, ölənlər olub.



