Müsavat partiyası Kəlbəcər girovları ilə bağlı bəyanat yayıb. Musavat.com-a daxil olan bəyanatda deyilir:
2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisindəki ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev barəsində işğal altında olan Dağlıq Qarabağda oktyabrın 27-də başlanan qanunsuz “məhkəmə” prosesi dekabrın 23-də başa çatıb.
Qanunsuz “məhkəmə hökmü” ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Atəşkəs zamanında doğma torpaqlarında silahsiz insanların girov götürülməsi qanuna zidd olduğu kimi, onlara qarşı bu qədər qəddar bir hökmün çıxarılması da beynəlxalq normalara və insan haqlarının qorunması prinsiplərinə ziddir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətini və beynəlxalq təşkilatları humanizm prinsiplərini rəhbər tutaraq, bu qanunsuz həbsin hüquqi qüvvəsinin olmadığını əsas gətirərək ləğv edilməsini və onların dərhal azad edilərək ailələrinə qaytarılmasını təmin etmək üçün bütün imkanlarını işə salmasını vacib hesab edir.