Azərbaycanın Milli Qəhrəmanı, keçmiş siyasi məhbus Rasim Əkbərov virtualaz.org saytının redaksiyasına müraciət edərək
ictimaiyyətin diqqətini ona məxsus “Elmir” şirkəti ətrafında baş verənlərə yönəltməyə çalışıb.
ictimaiyyətin diqqətini ona məxsus “Elmir” şirkəti ətrafında baş verənlərə yönəltməyə çalışıb.R.Əkbərov müraciətində prezident İlham Əliyevdən onu qəbul etməsini xahiş edir. Milli Qəhrəman hesab edir ki, bu qanunsuzluğa yalnız prezident İlham Əliyev son qoya bilər. R.Əkbərov bildirir ki, özü və şirkəti aylardır bu haqsızlıqla mübarizə aparsa da təzyiqlər dayanmır.
Qeyd edək ki, tam qanuni fəaliyyət göstərən və gips istehsalı və satışı ilə məşğul olan “Elmir” şirkəti “Norm”, “Holcim Group”, “Kəpəz Alçi” və “Retro” şirkətlərinə, habelə Qaradağ sement zavoduna, “Müasir tikinti” MMC-yə, eləcə də Gürcüstanın “Heidelberg Group” şirkətinə qarşılıqlı rəsmi müqavilələr əsasında gips satır.
R.Əkbərovun müraciətində deyilir:
“Mən “Elmir” şirkətinin sahibiyəm. Bizim şirkətin sərəncamında Hacıkənd ərazisində – Gülüstan kəndində 10 hektar torpaq sahəsi var. Vergini səliqə ilə ödəyirik, sosial ödənişləri də yubandırmırıq.
Lakin ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 hektar torpaq sahəsini məndən geri almaq üçün işə başlayıb. Bunun üçün Goranboy Rayon İcra Hakimiyyətinə (RİH) və Nazirlər Kabinetinə müraciət etdi. Onun “arqument”lərinin nədən ibarət olduğunu bilmirəm. Amma Goranboy RİH başçısı Nizaməddin Quliyev 10 hektar ərazinin hamısının əlimdən alınmasına göstəriş verib. Nizaməddin Quliyevlə görüşməyə dəfələrlə cəhd etsəm də nəticəsi olmadı. Gah dedilər məzuniyyətdədir, gah dedilər xəstədir. Belə başa düşdüm ki, mənimlə görüşmək istəmir.
“Elmir” şirkətində neçə-neçə Qarabağ müharibəsi veteranı işləyir. Bu şirkət ailəmizi dolandırmaq üçün yeganə gəlir yerimizdir. Torpaqlarımız uğrundakı döyüşlərdə qanını axıtmış Qarabağ veteranlarının sonuncu tikəsini də əlindən almaq istəyənlərin doğrudanmı vicdanı yoxdur? Bir vaxtlar bu rayonu erməni banditlərindən biz azad etmişik. Bu topraqlar bizim qanımızla suvarılıb. Məgər mənim bu gün həmin torpaqlarda 5 hektar əraziyə sahib olmaq haqqım yoxdur? Bu, nə özbaşınalıqdır?! İndi ailəmi necə dolandırım? Məmurların simasındakı yeni işğalçıların tapdağı altında nə vaxta qədər inləmək olar? Onlar bizim prezidentə niyə bu qədər yaramazcasına xəyanət edirlər? Onlar öz qanunsuz əməllərinin nəticələri barədə heç düşünmürlərmi? Onlar bizim kimi adamların sadiq və bağlı olduğu hakimiyyətin nüfuzuna zərbə vururlar. Axı biz torpaqlarımız və prezidentimiz uğrunda yenidən döyüşməyə, qanımızı axıtmağa hazırıq!
Gülüstan kəndində gips istehsalı üçün bizim şirkətdən əlavə daha 25 şirkətə icazə verilib. Lakin o şirkətlərin heç biri işləmir. Bizim firma isə təkcə keçən il 106392 ton gips istehsal edib. Vergi öhdəliklərimizi yerinə yetirmişik. Amma görünür, kimsə şirkətimizi ələ keçirmək fikrinə düşüb. Mənə məlum olduğunua görə, həmin vicdansız adamlar baş prokuror Zakir Qaralovun adından sui-istifadə edir, onun adının arxasında gizlənirlər. Onlar bizim karxananı “Akkord” şirkətinə verməyə çalışırlar. Ona görə də mən baş prokuror Zakir Qaralova rəsmi məktubla müraciət edərək onunla görüşməyi xahiş etmişəm.
Elə həmin bu yüksək rütbəli məmurlar iki il qabaq da şirkətimi ələ keçirmək istəyirdilər. Lakin ölkənin siyasi rəhbərliyi işə qarışandan sonra geri çəkildilər.
Ona görə də mən prezident İlham Əliyevdən, milli təhlükəsizlik naziri Eldar Mahmudovdan, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdan, baş prokuror Zakir Qaralovdan bu özbaşınalığın qarşısının alınması üçün göstəriş vermələrini xahiş edirəm. Əlbəttə ki, ən böyük ümidim isə bizim hörmətli prezidentimiz İlham Əliyevədir”.



