“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir”-Elchi.az xəbər verir ki, bu sözləri Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, Politoloq Turan Rzayev deyib.
O, həmçinin qeyd edib:”Belə ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsi ilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Son hadisə bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var. Bu isə sülh və diplomatiya ilə mümkün deyil. Belə ki, Qarabağda hazırda 10 mindən çox qeyri-qanuni erməni silahlıları qalmaqdadır. Ermənistan isə aktiv şəkildə Qarabağa qanunsuz silah daşımağa davam edir. Rusiyaya gəldikdə isə sülhməramlılar faktiki olaraq bu prosesin qarşısını almaq əvəzinə, əksinə qeyri-leqal silahlanmaya dəstək olurlar.
Qarabağda qanunsuz erməni silahlılarının olması, Ermənistandan onlara qeyri-leqal silah-sursatın daşınması və Rusiya sülhməramlılarının qeyri-leqal silahlanmaya dəstək olmaları faktiki olaraq həm 10 noyabr bəyanatının, həm də Ermənistanla sülhün əldə edilməsi istiqamətində danışıqların pozulması deməkdir.
Rəsmi Bakı bütün bunları əsas gətirib antiterror əməliyyatlarına başlaya, əməliyyatların gedişinə uyğun olaraq isə bunu sülhə məcburetmə əməliyyatları ilə genişləndirə bilər”.
Havar Şəfiyeva






