Azərbaycanlı iş adamı: “MDB dövlətlərindən olanlar-türkmənlər, taciklər, özbəklər geri dönüb. Azərbaycan vətəndaşlarından da xeyli insan geri qayıdır…”
“İqtisadi böhran Moskvada həyatı faktiki iflic edib. Rubl o qədər sürətlə ucuzlaşır ki, artıq itkilərimizi hesablamaqda çətinlik çəkirik”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Moskvada yaşayan azərbaycanlı iş adamı Nəsib Əliyev deyir.
Onun sözlərinə görə, Ukraynaya hərbi müdaxilə etdiyi üçün Kremlə qarşı səfərbər olan Qərb qısa zamanda ölkə iqtisadiyyatına çox ağır zərbələr vura bilib: “Hökumət faktiki olaraq carəsizdir. Heç bir tədbir durumun az da olsa düzəlməsinə yardım etmir. Artıq MDB dövlətlərindən olan bir çox insan ölkəsinə geri qayıdıb. Çünki Rusiyada qalmağın heç bir mənası yoxdur. Əsasən Orta Asiyadan olanlar – türkmənlər, taciklər, özbəklər geri dönüb. Azərbaycan vətəndaşlarından da xeyli insan geri qayıdır. Özləri qalanların bəzilərini ailələrini Azərbaycana göndərib.
Faktiki olaraq dövriyyə, pul yoxdur. Ailəsi Azərbaycanda olanların da durumu çətinləşib. İnflyasiya o qədər güclüdür ki, əldəki pul saatbasaat dəyərdən düşür. Bakıya ayda rahatlıqla 500-600 dollar göndərənlər bu gün 100 dollar göndərməkdə çətinlik çəkir. Kirayədə yaşayanlar daha ucuz evlərə köçmək məcburiyyətində qalıblar. Son 2 ayda heç bir qazancı olmayan xeyli insan var. Onların ölkələrinə dönməkdən başqa çarəsi yoxdur”.
Nəsib Əliyev deyir ki, ölkəsinə dönmə qərarı verən bəzi insanlar bu addımı kapitallarını qorumaq üçün atıb: “Rusiyada kapital hətta dollarda olsa belə təhlükədədir. Çünki dövriyyə yoxdur. Dövriyyədə olmayan kapital gec-tez “buxarlanacaq”. Əldə olanını qorumaq üçün bəziləri ölkələrinə dönüb biznes qurmaq qərarına gəlib. Ancaq bu da o qədər perspektivli deyil. Ölkələrin çoxunda bazar sadə desək, doludur. Üstəlik ciddi monopoliya var. Yəni dərindən düşünəndə ölkəyə dönüş də ciddi perspektiv vəd etmir. Ölkəsinə dönənlər əslində bunun fərqindədirlər. Ancaq çıxış yolu yoxdur. İnsanlar faktiki olaraq nə etməli olduqlarını dəqiqləşdirə bilmirlər. Çox qeyri-müəyyən və acınacaqlı durum yaranıb”.
İş adamının sözlərinə görə, Rusiyada istər ərzaq, geyim, istər məişət texnikası, tikinti materialları, istərsə də daşınar və daşınmaz əmlak bazarında durğunluqdur: “Qiymətlər həddən artıq bahalaşıb. Xüsusən ərzaq məhsulları. Təsəvvür edin, ötən il xiyarın 1 kiloqramı təxminən 3 dollar idi, indi 10 dollardan aşağı deyil. Pomidor 4 dollara idi – 12 dollara qalxıb. Bu tendensiya bütün ərzaq məhsullarında müşahidə olunur. Xaricdən gələn meyvə, tərəvəz Rusiya bazarında qısa müddətdə tullantıya çevrilir – alıcı yoxdur. Azərbaycandan gətirilən tonlarla xurma, xirnik, nar, heyva, pomidor, xiyar anbarlarda çürüyür. Əhali yalnız vacib ərzaqları ala bilir. Avropadan gətirilən ərzaqlarda da durum eynidir. 1 dollar 60 rubldan alıb Avropaya məhsul dalınca gedən iş adamı 5 gün sonra ölkəyə qayıdanda dollar artıq 70 rubla yüksəlir. Həmin məhsul Rusiyaya çatanda durum bir az da pisləşir. Alıcılıq qabiliyyətinin aşağı olması, bütövlükdə inflyasiyanın dərinləşməsi izahedilməz bir xaos yaradıb.
Məişət texnikası bazarında isə tamamilə durğunluqdur. Ölkəyə yeni avadanlıq faktiki olaraq gətirilmir. Böhran başlayan günlərdə insanlar pullarını qorumaq üçün televizor, paltaryuyan, qabyuyan, soyuducu aldığından alıb. Ancaq indi şirkətlər ölkəyə yeni məhsul gətirməyə ehtiyatlanır. İri ticarət mərkəzləri sovetlər dönəmindən sonrakı boş piştaxtaları mağazaları xatırladır. Banklarda hesabı və nağd pulu olan insanların bir hissəsi daşınar və daşınmaz əmlak aldı. Xüsusən ehtiyatını dollarda saxlayanlar bu işdən nisbətən qazanclı çıxdılar – avtomobillərin, evlərin qiymətləri 2 ay içərisində inanılmaz ucuzlaşdı. Ancaq bu, əhalinin kiçik bir təbəqəsinə aiddir. Çoxluq böhrandan ciddi əziyyət çəkir. Mən illərdir Rusiyadayam, bu ilki kimi sönük, əhvalsız yeni il qarşılanması görməmişdim. Heç pulu olan insanların da könlü açılmır. Çünki ümumi durum hamıya təsir edir, insanların sabaha ümidi yoxdur. İndi Rusiyada nə yerli əhalinin, nə də emiqrantların üzü gülür”.
Həmyerlimiz deyir ki, prezident Putinin tərəfdarları yenə də çox olsa da əhali artıq durumdan narahatlıq keçirir: “Rusiyanın güclü təbliğat maşını var. Ukraynaya hərbi müdaxilənin ilk aylarında Rusiya cəmiyyətində hakimiyyəti dəstəkləyən çox idi. Hər kəs deyirdi ki, Qərb Ukraynanı sərvətlərini talamaq üçün öz cənginə keçirmək istəyir və bu prosesin qarşısını yalnız Kreml ala bilər. Çoxların inanmırdı ki, neftin qiymətinin ucuzlaşması Rusiyanın nəhəng iqtisadiyyatını belə qısa zamanda çökdürə biləcək. Ruslar çox vətənpərvərdirlər.
Ölkələrinə qarşı Qərbin təpkisinə çox həssasdırlar və bu durumda toparlanmağı bacarırlar. Ancaq indi iqtisadi durum o qədər pisləşib ki, insanlar bir-iki ay öncə söylədikləri fikirlərini dəyişir. Vətəndaşlar hökumətin vədlərini boş, əsassız sayır, deyilənləri yalnız təbliğat kimi qiymətləndirirlər. Əgər bir ay qabaq ruslar “Putin nə etməlidir? Bütün Qərb onu təkləyib” deyirdilərsə, indi “Axı Ukraynaya qoşun yeritmək bizim nəyimizə gərək idi” sualını verirlər. Rusların bir hissəsi isə hələ də elə düşünür ki, Ukraynanın Qərblə yaxınlaşması Rusiyanın maraqlarına uyğun deyil”.
Nəsib Əliyevin sözlərinə görə, indi paytaxt Moskvanın mərkəzində minlərlə boş ticarət mərkəzləri var: “Təxminən 5-6 ay öncə Moskvanın mərkəzində icarəyə götürmək üçün 30 kvadratmetr yer tapmaq mümkün deyildi. İcarə qiymətləri ən yandırırdı. İndi isə paytaxtın mərkəzi daxil olmaqla istənilən səmtində minlərlə ticarət obyekti boşdur. Son 2-3 ayı obyekt icarəyə götürənlər zərərlə işlədikləri üçün icarə haqqı ödəyə bilməyib, çoxlarının əmlakı icarədarlarda girov kimi qalıb. Durumu çətinləşdirən əsas məqam icarə haqlarının dollarla olmasıdır. Əgər yayda Moskvanın mərkəzində 50 kvadratmetrlik obyekt təmirindən, avadanlıqlarından asılı olaraq 15-20 min dollara idisə, indi icarədarlar həmin obyektləri 3-4 min dollara verməyə hazırdır. Ancaq obyektlərə yaxın duran yoxdur – nə alan, nə satan var. Rusiyanın bütün ticarət dövriyyəsi dayanıb. Hələ böhran indi başlayır. Özüm də daxil olmaqla çevrəmdə illərlə Rusiyada bizneslə məşğul olan iş adamlarının az qala 80 faizi müflis olmuşuq”.
İş adamı bildirir ki, durum bu cür davam etsə, digər MDB ölkələri də daxil olmaqlar Azərbaycana axın güclənəcək