“Bu gün ekranların öz dili , ifadə vasitələri var. Televiziya verilişlərinin dili canlı dildir, tamaşaçı üçün fəaliyyətdə olan dildir. Əslində dil normaları dilçilikdə diqqəti cəlb edən məsələlərdəndir. Ədəbi dilin normaları dil üçün, cəmiyyət üzvlərinin anlaşması üçün öz əhəmiyyətini daima saxlayır”- bu sözləri Elchi.az-a müsahibəsində
Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü İbadullazadə deyib.
O, həmçinin bildirir:”Televiziya verilişlərinin dili publisistik üslub əsasında formalaşan dildir. Çünki bu verilişlərin auditoriyası, mövzuları kütləvilik prinsipinə əsaslanır. Biz həmişə gözəl, mənalı, düşündürücü danışmağa can atırıq. İstəyirik ki, nitqimiz dinləyicilərin hamısınının diqqətini cəlb etsin, dinləyici bizim nitqimizin təsiri altında olsun.
Televiziya jurnalistlərinin hamısında yüksək natiqlik ustalığı tələb etmirik. Söhbət onun nitqinə daim diqqət və tələbkarlıq göstərməsində, həmin nitqin ardıcıl olaraq qayğısına qalmasındadır. Dilin təmizliyinə, anlaşıqlı olmasına səy göstərmək jurnalistlərin əsas peşə prinsiplərindən birinə çevrilməlidir.
Televiziya verilişlərinin çoxunda ədəbi dilin normalarından kənaraçıxma, uzaqlaşma hallarından biri də tələffüzə nəzarətsizlikdən baş verir. Səsin, sözün düzgün tələffüzü fikrin dəqiq çatdırılması deməkdir.
Sosial və bədii əyləncli verilişlərdə, şou proqramlarda danışıq dilinə açıq meyil özünü göstərir. Televiziya verilişlərində danışıq dilinə meyil söz seçimindən, aparıcıların sərbəstliyə yol verilməsindən qidalanır.
Bu gün efirlərdə nitqin səmimiliyinin pozulması faktları diqqəti cəlb edir. Danışıq situasiyasında nitqin süniliyinə çox rast gəlinir. Televiziyada nümunəvi verilişlər də çoxdur. Bu verilişlər dil və üslub baxımından maraq doğurur. Müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar KİV-də, reklamlarda, sosial şəbəkələrdə və virtual reklamlarda insanların ixtiyarındadır. Bu gün hər bir şəxsin istənilən informasiyanı almaq üçün geniş imkanları var. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir”.
Havar Şəfiyeva





