Bu gün Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Yeni Müsavat” qəzetinin redaksiyasında olaraq, qəzetin redaktorlar korpusunun suallarına cavab verib.
Musavat.com-un söhbətdə iştirak edən reportyorunun sözlərinə görə, İsa Qəmbər hazırda dünyanın siyasi gündəminin bir nömrəli müzakirə mövzusu olan hadisə – Fransanın paytaxtı Paris şəhərində satirik jurnalın redaksiyasında törədilmiş terror aktına dair fikirlərini açıqlayıb.
SDM rəhbəri bildirib ki, heç bir halda dinc, silahsız insanların qətlə yetirilməsi ilə nəticələnən terror hadisələrinə haqq qazandırla bilməz.
Bu məsələyə dair fikirlərini geniş şəkildə açıqlayan İsa Qəmbər bildirib ki, bu hadisə həm İslama hücum edənlərin, həm də bu hücumdan faydalanaraq öz sıralarını genişləndirmək istəyən islamçı qrupların işinə yarayır: “Əgər Fransada və Avropanın başqa ölkələrində müsəlmanlara qarşı təzyiqlər, sıxışdırma halları güclənsə İŞİD və “əl-Qaidə” kimi təşkilatlar bundan daha çox yararlanacaq, öz resurslarını artıracaqlar”.
Daha sonra SDM rəhbəri Azərbaycan hakimiyyətinin şiddətləndirdiyi anti-amerikanizm xətti və ovqatı barədə fikirlərini açıqlayıb. İsa Qəmbər deyib: “Müstəqilliyin ilk illərində belə bir yarızarafat-yarıciddi deyilən fikir vardı, deyirdilər, Rusiya hansısa bir dövləti öz iradəsinə tabe etmək istəyəndə ona “Biz deyəni eləməsəniz, ölkənizə gələrik” deyə hədələyir, ancaq Amerika başqa cür deyir: “Biz deyəni eləməsəniz, ölkənizdən gedərik”.
İsa Qəmbər bildirib ki, hazırda ABŞ öz institutlarını bağlayaraq ölkədən getmir, həmin instutları ölkədən Azərbaycan hakimiyyəti çıxarır və ABŞ buna hələlik dözümlə, təmkinlə yanaşır.
Daha sonra SDM rəhbəri jurnalistlərin başqa suallarına cavab verib.
Söhbət hazırlanmış geniş reportajı “Yeni Müsavat” qəzetinin yaxın günlərdə çıxan saylarında oxuya biləcəksiniz.