Beynəlxalq təşkilatlar susqun mövqe nümayiş etdirirlər; Hüquqşünas hesab edir ki, girovları azad etmək üçün Azərbaycanın heç bir səlahiyyəti yoxdur
Müzəffər Baxış: “Məsələni tənzimləmək mümkündür…”
Hikmət Hacıyev: “XİN-in bununla bağlı açıqlaması var”
Ermənilər tərəfindən ötən ilin iyulunda Kəlbəcərdə girov götürülən azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində beynəlxalq təşkilatlar susqun mövqe nümayiş etdirirlər. Bununla bağlı artıq Azərbaycan hakimiyyəti öz narazılığı dilə gətirməkdədir.
Prezident İlham Əliyevin tapşırığı ilə 7 beynəlxalq təşkilata girovlarla bağlı məktub göndərilib. Bu barədə mətbuata açıqlamasında hökumət adından bu işləri həyata keçirən baş nazirin müavini Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, artıq müraciətlərin yeddisinə də cavab gəlib. Ə.Həsənov bəzilərinin məsələyə formal yanaşdığını desə də, bəzilərinin obyektiv yanaşdığını, hətta üzr istədiyini deyib.
Ə.Həsənov Ramil Səfərovu ölkəyə gətirən prezidentin girovları da, öz torpağımızda azad edəcəyinə əmin olduğunu da qeyd edib.
Qeyd edək ki, kəlbəcərli girovların ekstradisiya məsələsi də göndəmə gəlib. Əli Həsənov bu məsələyə də toxunub: “Hüquqi baxımdan bütün addımlar atılacaq. Hətta indi mən tapşırıq vermişəm ekstradisiya məsələsini də götür-qoy edirik. Nə üçün onlar orda qalmalıdır?”.
Tanınmış hüquqşünas Müzəffər Baxış Avropa Şurasının bununla bağlı konvensiyasının olduğunu bildirdi: “Ümumiyyətlə, Avropa Şurası üzvləri ilə bağlı belə bir konvensiya var. Ermənistan da bu konvensiya qoşulub. Amma Ermənistana münasibətdə Azərbaycanın şərti var. Burada başqa bir məsələ var. Mahiyyət bundan ibarətdir ki, girovlardan biri (Dilqəm Əsgərov) Rusiya vətəndaşıdır. Rusiya ilə Ermənistan arasında bu girovun cəzasını Rusiyada çəkmək üçün anlaşma əldə oluna bilər və heç bir problem yaşanmaz. Amma Azərbaycanla bağlı problem ortaya çıxa bilər. Hər bir halda mənə elə gəlir ki, tərəflərin razılığı ilə bu məsələni tənzimləmək mümkündür. Hətta konvensiyaya qoşulan vaxtı Azərbaycanın Ermənistan və Dağlıq Qarabağla bağlı bir qayda olaraq qeydləri olur. Bu qeydlərə baxmayaraq, Ermənistan tərəfi razılıq versə, onları Azərbaycana ekstradisiya etmək mümkündür. Hər bir halda Ermənistan tərəfin razılığı lazımdır. Bunun üçün mənə elə gəlir ki, Ermənistan tərəfə beynəlxalq təşkilatların təzyiqi güclənməlidir. Onlar belə bir qərar qəbul etməyə meyilli olmalıdırlar. Beynəlxalq təşkilatların təzyiqi olarsa, mənə gəlir ki, Ermənistan çəkinəcək”.
Hüquqşünas girovların azad edilməsi üçün Azərbaycan hakimiyyətinin hüquqi normada görə biləcəyi işlərdən də danışdı: “Hüquqi tərəfdən onlar Qondarma “Dağlıq Qarabağ” Respublikasında mühakimə olunublar. Bu respublika dünya ölkələri tərəfindən tanınmır. Girovlarımızı “Dağlıq Qarabağ” qanunları ilə mühakimə ediblər. Ancaq beynəlxalq təşkilatların təzyiqi ilə mümkündür. Hüquqi cəhətdən bu qondarma respublikanın özünə heç bir təzyiq göstərmək mümkün deyil. Ermənilər “Dağlıq Qarabağ” Respublikası adı altında öz məkrli niyyətlərini gizlədirlər. Belə qondarma ad orta atıb bildirirlər ki, guya bu qanunlarla girovlarımız mühakimə olunublar. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, təzyiq olmadan mümkün deyil. “Dağlıq Qarabağ”ın özü beynəlxalq normalara uyğun deyil. Azərbaycan hökumətinin əlində həmin girovları azad etməklə bağlı hüquqi cəhətdən heç bir səlahiyyət yoxdur. Azərbaycanın kəşfiyyat imkanları hesabına yalnız onları oğurlayıb Azərbaycana gətirmək səlahiyyəti var”.
Kəlbəcərli girovların azad edilməsi üçün Xarici İşlər Nazirliyinin gördüyü işlərlə maraqlandıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı 29 dekabr tarixində mövqelərini bildirdiklərini söylədi: “ 29 dekabr tarixində XİN-nin bununla bağlı açıqlaması var. Orada tamamilə mövqeyimiz əks olunub. Oradakı tezislər qüvvəsində qalır”.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov, Şahbaz Quliyev ermənilərin işğalı altından olan kəndlərini və yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcərə gediblər. İyulun əvvəllərində onlar Kəlbəcərdə işğalçı erməni hərbçiləri tərəfindən girov götürülüb. Onlarla birlikdə Kəlbəcərə gedən Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən qətlə yetirilib. Bir müddət sonra Həsən Həsənovun meyiti Azərbaycana təhvil verilib. Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində isə qondarma “Dağlıq Qarabağ” rejimi qanunsuz cinayət işi açıb. Qondarma rejimin “məhkəməsi” Dilqəm Əsgərov barəsində ömürlük azadlıqdan məhrum etmə, Şahbaz Quliyev barəsində isə 22 il azadlıqdan məhrumetmə “hökmü” çıxarıb.