Elchi.az xəbər verir ki,BMT Təhlükəsizlik Şurasının üzvləri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalardan dərin narahat olduqlarını bildiriblər. Tərəfləri münaqişəni dərhal dayandırmağa və məsələni danışıqlarla həll etməyə çağırıblar.
BMT TŞ-dən verilən yazılı açıqlamaya görə, üzv dövlətlər Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalardan dərin narahatlıqlarını ifadə edərək, mülki vətəndaşlar da daxil olmaqla, həlak olanların və yaralananların olmasından kədərləndiklərini bildiriblər.
Tərəfləri münaqişələri təcili dayandırmağa və sakitliyi bərpa etməyə dəvət edən BMT TŞ üzvləri Sudandakı mövcud böhranı həll etmək üçün bütün iştirakçıları dialoqa qayıtmağa çağırıb.
BMT TŞ-yə üzv dövlətlər həmçinin Sudanın birliyinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiq edərək, ölkəyə humanitar yardımın çatdırılmasının və BMT əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladılar.
Qeyd edək ki,aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib. Son bir neçə ayda ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən “şifahi atışma” qızğın qarşıdurmaya çevrilmişdi.
Bildirilib ki, ölkədə baş verən qarşıdurmalarda 56 mülki şəxs həlak olub, əsgərlər də daxil olmaqla 595 nəfər yaralanıb.
Nuranə Məmmədova




