“Qərb İrandakı etirazları diqqətlə izləyir və analiz edir. Etiraz aksiyaları fonunda İranda rejim dəyişikliyi Qərbin alternativləri sırasındadır. Bunu bilən Rza Pəhləvi də İranda hakimiyyəti yenidən ələ almaq və monarxiyanı restavrasiya etmək üçün fürsətləri dəyərləndirir”- Elchi.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev deyib.
O, eyni zamanda qeyd edib:”Rza Pəhləvinin indiki məqamda İsrailə səfər etməsi, kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin ilə görüşməsi ciddi hadisədir. Məsələ ondadır ki, Təl-Əviv Rza Pəhləvi ilə yaxından maraqlanır və onun üzərindən İranı zəiflətməyə çalışır.
Pəhləvi uzun müddətdir, İranın xaricdəki müxalif qrupları birləşdirməyə və vahid lider kimi rejimlə mübarizə aparmağa çalışır. Pəhləvi tərəfdarları onun yenidən canlandırılan monarxiyaya rəhbərlik etməsini, digər fəallar isə 1979-cu il inqilabında vəliəhd şahzadənin atasını devirən şiə din xadimlərinin rəhbərlik etdiyi avtoritar islamçı respublikanın yerinə yeni bir respublikanın yaradılmasını istəyirlər.
O isə islam respublikasını əvəzləyən yeni bir sistem təklif edir, seçilmiş monarx mövqeyi yaratmağa çalışır. Hələlik Pəhləvi buna tam nail olmasa da, görünür, bu cəhdi İsrailin, xüsusilə də kəşfiyyat rəhbəri Gila Qamlielin diqqətini çəkib. Rəsmi Təl-Əviv başa düşür ki, İranla mübarizə aparmaq istəyirsə, ona İran cəmiyyətinə təsir edə biləcək real sima lazımdır. İsrailin Rza Pəhləvi ilə danışıqlara getməsi Güney Azərbaycanın öz müqəddəratını təyin etməsinə maneə təşkil edə bilər. Güney Azərbaycan nümayəndələri də bu mənada Rza Pəhləvi ilə paralel İsraillə danışıqlara getməli, onun təkbaşına İranda hakimiyyətə yiyələnməsinə mane olmalıdır.
İstər pəhləvilər, istərsə də molla rejimi Güney Azərbaycan üçün müsbət gələcək vəd etmir. Güney Azərbaycan öz müqəddəratını təyin etməli, bu istiqamətdə İsraillə əməkdaşlığa da getməlidir”.
Havar Şəfiyeva





