Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada ciddi dəyişikliklərin baş verdiyini bildirərək, bu səbəbdən də Qazaxıstanın və bütün Orta Asiyanın daxili təhlükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsinə, nüfuzunun artırılmasına xüsusi diqqət yetirilməli olduğunu qeyd edib.
Elchi.az xəbər verir ki, Tokayev dövlətin bütün yüksək eşelonları ilə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı görüş keçirib.
Qazaxıstanın sosial və iqtisadi problemlərinə toxunan Tokayev bildirib ki, indiki dövrdə köhnə proqramlar sıradan çıxıb və ölkə üçün yeni milli inkişaf planı hazırlanacaq.
Kasım-Jomart Tokayev dünyada ticarət maneələrinin artdığını, dövlətlər arasında qarşılıqlı inamsızlığın artdığını ifadə edərək, “İqtisadiyyatımız bu ilin ilk rübündə 4,9 faiz artıb. Rəqəmlər pis deyil, lakin biz əlavə artım mənbələri axtarmalıyıq”,- ifadəsini işlədib.
Hələ də xarici ərzaq məhsullarından asılı olduqlarını qeyd edən Tokayev hökumətin ən mühüm prioritetinin yerli istehsalın payını artırmaq olduğunu bildirib.
Kapitalını xaricə qaçıranlara müraciət edən Tokayev söz verib ki, əgər onlar ölkəyə sərmayə qoysalar, onlara qarşı heç bir tədbir görülməyəcək.
Prokurorların ölkədə investisiya layihəsini müşayiət etməsinin doğru addım olacağını ifadə edən Tokayev, “Belə bir tədbir xarici sahibkarların investisiyalarının təhlükəsizliyini təmin edəcək”,-deyə vurğulayıb.
Dünyada ciddi dəyişikliklərin getdiyinə diqqət çəkən Qazaxıstan prezidenti həmçinin söyləyib:
“Bu səbəbdən də daxili təhlükəsizliyə, müdafiə qabiliyyətinin gücləndirilməsinə, Qazaxıstanın və bütün Mərkəzi Asiyanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına xüsusi diqqət yetirilməlidir”.
Yeganə






