“Qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir. Gen ağacı qurub xəstəliklərə nəzər salsaq və genetik xəstəliklərin olduğunu və yaxud belə xəstəliklərin daşıyıcısı olan qohumları və tərəfləri aşkarlasaq, bu zaman ehtimal daha da çoxalır”. Bu sözləri Elchi.az-a açıqlamasında Vəfa sosial ptoblemlərin həllinə dəstək ictimai birliyi” nin rəhbəri Fatimə Hacıbəyli deyib.
O, eyni zamanda qeyd edib:”Xromosom çatışmamazlığı, əzələ boşluğu, əqli çatışmamazlıq, talassemiya, hemofiliya, şəkər, ürək-damar və s kimi xəstəliklərlə uşaqlar dünyaya gələ bilir. Adətən belə durumlarda uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın az çəki ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Uşaq sağlam da dünyaya gələ bilər, lakin sonradan fəsadlar ortaya çıxa bilir. Təbii ki, bu hallar bütün qohum evliliklərinə aid deyil. Bunun üçün nəsildə genetik xəsdəliklərin olmadığından əmin olmaq lazımdır. Mütləq şəkildə evlənməyə qərar vermiş şəxslər tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələri müsbət deyilsə onların evlənmələri məsləhət görülmür. Belə evliliklərin qarşısını almağa çalışsaq da qeyri rəsmi, nikahsız yaşayanların sayı artacaq. Çox vaxt qohum evliliklərində problemlər yaşanmağa başlayır. Tərəflər bir-birlərini iki bacı, iki qardaş kimi yox artıq iki quda kimi görməyə başlayır. Ailədə hər hansısa bir problem yaşandığında və ya boşanma halları olduğunda artıq o iki ailə düşmənə çevrilir. Bu hal öz növbəsində digər ailə üzvlərinə də təsir edir. Beləcə bir nəsil arasında soyuqluq və daim münaqişə yaşanır. Düşünürəm ki, məcbur qalmadıqca qohum evliliklərinə üstünlük verməməliyik. Düzdür, gənclər arasında sevgi münasibətləri halları da olur. Lakin gənclərin öz razılıqlarından əlavə valideyinlərin təkidləri nəticəsində də belə nikahların sayı çoxdur”.
Havar Şəfiyeva




