Masallı rayonunun Mahmudavar və Rudəkənar kəndlərinin sakinləri icra nümayəndəsi Fariz Fərəcovun qanunsuz əməllərindən narazıdırlar. Musavat.com cenubxeber-ə istinadən xəbər verir ki, vətəndaşlar sosial yardım almaq üçün icra nümayəndəsinə müraciət etdikləri zaman rast olduqları haqsızlıqlardan artıq bezdiklərini deyirlər.Sakinlərin redaksiyaya müraciətində qeyd olunur ki, icra nümayəndəsi Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən sosial yardım almaq üçün onlardan tələb olunan arayışları öz “qaydaları” əsasında verir: “İcra nümayəndəsi hər arayışa görə vətəndaşlardan tələb etdiyi 20 manatı almamış arayışlara imza atmır. Bəzi hallarda vətəndaşlar süründürməçiliyə məruz qalırlar”.
Faktlarla bağlı aparılan araşdırmalar zamanı bəlli olub ki, Fariz Fərəcov “Palmalı” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun qohumudur. Görünür, Mənsimovla qohumluq onda özünə arxayınçılıq yaradıb və heç bir halda cəzalandırılmayacağına inam formalaşdırıb.
Vətəndaşlara “hara şikayət edirsiniz edin” deməklə məsuliyyətə cəlb olunmaqdan qorxmadığını dilə gətirən Fariz Fərəcovun qanunsuz əməlləri bununla da bitmir. Araşdırmalar göstərir ki, icra nümayəndəsi mərkəzi yolun üstündəki kənddə qanunsuz tikintilərin aparılmasına şəxsən icazə verir. “Torpağın hər sotuna 10 min manat alan Fariz Fərəcov kənddə yolun kənarında obyektlərin tikintisinə özü nəzarət edir. Bu şəxsin bələdiyyələrə nəzarət etməsi qanunsuz sənədləşmələrin aparılmasına yardım edir. Həmin qanunsuz tikintilər nəticəsində kənd daxili yolların daralması da narahatedici faktlardan biridir”.
İcra nümayəndəsinin başqa bir qanunsuz fəaliyyəti qismində Mahmudavar və Rudəkənar kəndlərində yerləşən orta məktəb və müəssisələrdən rayon icra başçısı Rəfil Hüseynovun adı ilə pul yığması göstərilir: “Etiraz edənləri isə o, başçının adı ilə hədələyir”.
Sayt şikayətlər və araşdırmalarla bağlı Fariz Fərəcovun özü ilə əlaqə saxlamağa çalışıb. Lakin icra nümayəndəliyindən məsələyə münasibət almaq mümkün olmayıb.



