Qüdrət Həsənquliyev: “Təcilli Olimpiya stadionunun yanında “Formula 1″ yarışları üçün avtodrom tikilməli, insanlara işgəncə verən, tıxacları dözülməz edən şəhər mərkəzindəki yarışlara bu ildən son qoyulmalıdır”
Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir
– Qüdrət bəy, Milli Məclisin sədri Sahibə Qafarova intizam komissiyasının sədri Eldar İbrahimova deputat Vahid Əhmədovun verdiyi müsahibəyə görə onun məsələsinin müzakirə olunmasını tapşırıb.
Bu nə dərəcədə qanunvericiliyə uyğundur?
– Vahid Əhmədovun verdiyi müsahibənin həm mənəvi, həm də hüquqi tərəfi var. Çox təəssüf ki, son vaxtlar təkcə Vahid Əhmədov yox, MM-in bəzi üzvləri də millət vəkillərini, hakimiyyət nümayəndələrini bəzən ağır formada təhqir edən, palamentin legitimliyini şübhə altına alan bloqerlərə onların könüllərini oxşayan açıqlamalar verirlər. Görünür bu tip açıqlamalar verməklə həm də həmin bloqerləri yönləndirən bəlli dairələrə də xoş gəlmək istəyirlər.
Onlar deyə bilər ki, həmin bloqerlər tərəfindən adları çəkilmir, şəxsən təhqir olunmurlar və gələcəkdə də təhqir olunmamaları üçün onların üzlərinə gülüb istədiklərini deyirlər. Əvvəla, Milli Məclisin ünvanına səsləndirilən ümumi təhqirdən onlara da pay düşür. Həm də adamdan soruşarlar ki, hansı mənəvi dəyərlərə sahibsən ki, legitim olmayan parlamentdə əyləşmisən, təhqir edilən və qanunsuzluqlarda “ittiham” olunan deputat və hakimiyyət nümayəndələrinin çoxu ilə də gözəl şəxsi münasibətlər saxlayırsınız.
Yeri gəlmişkən, qeyd edim ki, bəzi hallarda Milli Məclis rəhbərliyinin deputatlara, deputatların bir-birinə münasibəti qənaətbəxş hesab oluna bilməz. Məsələn, deputat həmkarımız dünyasını dəyişir, onu iclasada anmırıq. Deputatların yubileyi olur, yüksək dövlət təltifləri ilə mükafatlandırılırlar, bəzən ad günləri Milli Məclisin plenar iclasına təsadüf edir, amma qeyd olunmur. 25 il Milli Məclisinin Aparat rəhbəri olmuş Səfa Mirzəyev pensiyaya çıxır, axırıncı iş günü iclasada iştirak edir, yenə heç kim təşəkkür etmir. Biz gənc dövlətik, əvvəllər belə ənənələr olmayıb , amma biz bu ənənələri Milli Məclisdə yaratmalıyıq.
Sahibə xanımın intizam komissiyasına müraciət etmək hüququna gəldikdə isə, Daxili Nizamnamənin 47-ci maddəsinə görə Milli Məclisin sədri hesab edərsə ki, deputat etik davranış qaydalarını pozub bu halda intizam komissiyasına təqdimat verə bilər. İndiki halda isə parlamentin legitimliyini şübhə altına almaqla etik davranış qaydalarının 4-cü maddəsində nəzərdə tutulan “hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən” açıqlamadan söhbət gedir. Vahid Əhmədov uğursuz açıqlaması ilə deputat həmkarlarını incitdiyinə görə təəssüf hissi keçirdiyini bəyan etsəydi məsələ bununla da qapanacaqdı. Mən məsələnin siyasi tərəfini bir kənara qoyuram. Amma o bəyan etdi ki, həmişə dövlətin yanında olub, ona qarşı olan çıxışlar təşkil olunub və məsələnin intizam komissiyasında müzakirə olunmasına etiraz etmir. Bundan sonra sədr belə bir göstəriş verdi.
Bir dəfə deputat həmkarımız Bəhruz Məhərrəmov belə bir çıxış etdi ki, ictimai-siyasi fəaliyyətlə məşğul olub müxalif mövqedə dayanmaq insanı məsuliyyətdən azad etmir. Əlavə edərdim ki, dövlətin yanında olub iqtidarı dəstəkləmək də eynən…
– Siz hansısa intizam tədbirinin tətbiq olunmasını proqnozlaşdırırsınızmı?
– Məsələnin intizam komissiyasının müzakirəsinə çıxarılması mütləq hansısa parlmentdaxili intizam tədbirinin tətbiq olunmasını ehtiva etmir. Komissiya müzakirənin özünü yetərli saya bilər və ya xəbərdarlıq edər. Düşünürəm və ümid edirəm ki, onun əvvəlki xidmətləri nəzərə alınacaq və ciddi qərarlar qəbul olumyacaq.
– Hesablama Palatasının hesabatında da çıxış edə bilmədiniz.
– Beynəlxalq Büdcə Əməkdaşlığı tərəfindən tərtib olunan “Açıq Büdcə İndeksi”ndə Hesablama Palatasının fəaliyyəti 100 mümkün baldan 89 balla qiymətləndirilib. Bu təqdirəlayiqdir. Hesablama Palatası həmişə Milli Məclisə təqdim etdiyi rəylərində maliyyə sistemində hesabatlılığın, şəffaflığın və səmərəliliyin artırılmasına dair ciddi təkliflərlə çıxış edir. Adı qərəzli olmaqda və korrupsiyada hallanmayıb. Sadəcə, çıxış edə bilsəm, tövsiyyə edəcəkdim ki, Hesablama palatasının üzvləri Qanunun 20-ci maddəsinə əsasən iş planını tərtib edəndə yalnız risk qiymətləndirməsi əsasında təkliflər verməsinlər. İctimai müzakirələrə səbəb olan sahələrdə də kənar dövlət maliyyə nəzarəti həyata keçirilsin. Məsələn “Formula 1” yarışları 7 ildir Bakıda keçirilir. Bu yarışlara büdcədən nə qədər pul ayrılır, həmin vəsait necə xərclənir? Bütün bunlar hər il böyük ictimai müzakirələrə səbəb olur, və bu Hesablama Palatasının üzvlərini də narahat etməlidir. Mənim bu müraciətimi də Qanunun 20.5-ci maddəsinə uyğun olaraq, Milli Məclis üzvünün sorğusu, yaxud təklifi kimi qəbul edib iş planına salsınlar və yarışlardan sonra xalqa hesabat verilsin.
Onu da deyim ki, yerli sakinlərin fikirləri öyrənilmədən belə yarışın tıxac problemi yaşayan çoxmilyonlu şəhərin mərkəzində keçirilməsi qəbuledilməzdir. “Bələdiyyələrin statusu haqqında” qanunun 26-cı maddəsinə görə, yerli əhəmiyyətli məsələlərə dair rəy sorğusu keçirilə bilər. Amma bizdə bələdiyyə institutu 1999-cu ildən tətbiq olunsa da hər hansı bir bələdiyyədə hər hansı rəy sorğusunun keçirildiyini eşitməmişəm. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.2.1-ci maddəsində qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsini təşkil edir, bu barədə mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verir. Onlara rəy sorğusu keçirmək səlahiyyəti verilmir. Xalq Prezidenti və parlamenti seçirsə bu o demək deyil ki, onlar istədiyi qərarı qəbul edə bilər. İsveçrədə federal səviyyədə, ölkə miqyasında 2021-ci ildə 4 dəfə, 2022-ci ildə isə 3 dəfə referendum keçirilib. Biz də isə hamı fikirləşir ki, referendum yalnız Konstitusiyaya dəyişiklik üçün küçirilə bilər. Təcili Olimpiya stadionunun yanında “Formula 1” yarışları üçün avtodrom tikilməli, insanlara işgəncə verən, tıxacları dözülməz edən şəhər mərkəzindəki yarışlara bu ildən son qoyulmalıdır. Bu günlərdə mən saat 18:00 radələrində Milli Məclisin yanından “Gənclik” metrostansiyasına qədər 1 saat 20 dəqiqəyə getdim. Görün, indi şəhərin mərkəzində yaşayan insanlar nə qədər əziyyət çəkir.





