İtaliyada insan alverinə kömək etməkdə şübhəli bilinən 25 nəfər həbs edilib.
Elchi.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, Kataniya Polis İdarəsi Mafiya ilə Mübarizə qrupları, əksəriyyəti Qvineyadan olan 25 şübhəlini bir müddət təqib etdikdən sonra ələ keçirib.
Xəbərdə sözügedən şəxslərin Afrikadan İtaliyaya, oradan da Avropa Birliyinə (AB) üzv olan digər ölkələrə keçmək istəyən qeyri-qanuni miqrantların səfərlərini təşkil etmək və idarə etmək ittihamı ilə nəzarətə alındığı bildirilib.
Xəbərdə insan qaçaqmalçılarına qarşı əməliyyatın İtaliyanın şimalına gedərkən Kataniya polisinin saxladığı avtobusda azyaşlı miqrantın ifadəsi əsasında aparıldığı qeyd edilib.
Digər tərəfdən, Afrikadan İtaliyaya qeyri-qanuni köç davam edir. Gecə saatlarında 8 fərqli qayıqla Afrikadan İtaliyanın Lampeduza adasına ümumilikdə daha 402 qeyri-qanuni miqrant gəlib.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən aprelin 24-dək dəniz yolu ilə ölkəyə gələn immiqrantların sayı 36 610 nəfər olub. Ötən ilin eyni dövründə bu rəqəm 9 min 89 olub.
Nuranə Məmmədova




