Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə bağlı səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
“Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və Ermənistan tərəfindən Praqa və Soçidə öz üzərlərinə götürdükləri öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan tərəfinin bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artması məqsədi daşıyır.
44 günlük Vətən müharibəsindən sonra Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan tərəfinin vəziyyətin gərginləşməsinə xidmət edən addımları kimi Azərbaycana qarşı hərbi təxribatlara son qoyulmamasını, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edilməsini, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam olaraq çıxarılmamasını Ermənistan baş nazirinə xatırlatmaq kifayətdir. Bu xüsusda, qeyd edilən təxribatların qarşısını alacaq bu məntəqənin təsis edilməsinin sülh prosesinə mənfi təsir etdiyi barədə fikirlər tamamilə qəbuledilməzdir. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək.
Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Bununla yanaşı, Baş nazirin iddialarının əksinə, Üçtərəfli bəyanata əsasən Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...




