Qusar rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş “Zərifə Əliyeva-görkəmli alim, nəcib insan, qayğıkeş ana”mövzusunda konfrans keçirilmişdir. Elchi.az xəbər verir ki, Konfrans öncəsi Mərkəzi Rayon Xəstəxanasının foyesindəki Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirə lövhələrinə gül dəstələri qoyulub.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın,respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini bildirdi. Zərifə Əliyevanın mənalı və zəngin həyat yolunu tariximizin ən parlaq səhifələrindən biri kimi dəyərləndirən təşkilat sədri görkəmli alimin ailəsi,xalqı və dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığının gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırdı.
Konfransda məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Zoya Eldarova,MRX-nın baş həkimi Kamran Paşayev, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Zərifə xanım Əliyevanın zəngin həyatı və fəaliyyəti haqqında danışaraq ulu öndər Heydər Əliyevin sədaqətli ömür -gün yoldaşı,qayğıkeş ana,mehriban insan olaraq xaraktetik xüsusiyyətlərinin cəmiyyətimizə,xüsusən gənc qızlarımıza bir örnək olduğunu vurğuladılar.
Rayon Mərkəzi Xəstəxanasının polklinika şöbəsinin müdiri Aybəniz Əfəndiyeva, həkim-oftalmoloq Gülər Musayeva,rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov Zərifə Əliyevanın Azərbaycanda vaxtilə geniş yayılmış traxoma,peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifi olduğunu qeyd etdilər. Natiqlər bildirdilər ki, akademik 200-ə qədər elmi işin,14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Bununla yanaşı görkəmli oftalmoloq yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verib.
Azərbaycan oftalmologiyasının bu günkü inkişafı klinik və elmi baxımdan Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
Havar Şəfiyeva






